İQTİSADİYYAT


Budapeşt: Şərqi Avropanın incisi

Bakı, 7 fevral, Emil Eyyubov, AZƏRTAC

Macarıstan Avropada turizmin daha münasib qiymətlərin olduğu istiqamətidir. Bakıdan Macarıstan paytaxtına həyata keçirilən birbaşa aviareyslər Azərbaycan vətəndaşlarının Budapeştə səyahəti üçün əlavə maraq yaradır. İşgüzar səfər, alış-veriş, müalicə və ya ailə turizmi məqsədilə bu şəhərə gələn qonaqlar üçün geniş seçim var.

Bizim reportajımızdan aeroportdan otelə ucuz gediş, ekskursiyaların seçilməsi, mağazaların və yeməklərin çeşidi, digər məsələləri öyrənə bilərsiniz.

Uçuş

Budapeştdən Bakıya birbaşa reysləri “Wizz Air” loukost aviaşirkəti həyata keçirir. İki paytaxt arasında uçuşun müddəti 3,5-4 saatdır, biletin qiyməti isə 44,99 avrodan başlayır. Əlavə ödəniş etməklə maksimum 32 kq baqaj yükü və 10 kq (55 х 40 х 23 sм qabaritli) əl yükü aparmaq olar. Qeyd edək ki, standart baqajın çəkisi 10, 20 və 30 kq, əl yükünün isə maksimum 40 x 30 x 20 sм olmaqla, 10 kq ola bilər.

Nəzərə alın ki, “Wizz Air” aviaşirkətinin aeroportdakı qeydiyyatı ödənişlidir. Əlavə xərclərin olmaması üçün aviaşirkətin internet saytında, yaxud mobil əlavəsində (Android və Apple) onlayn rejimində pulsuz qeydiyyatdan keçmək yetərlidir.

“Wizz Air” aviaşirkətinin təyyarələrində qidalanma ödənişli olsa da, yeməklərin çeşidi genişdir. Menyuda buterbrod, sıyıqlar, şorbalar və desertin qiyməti orta hesabla 2-4 avrodur. Həmçinin isti və sərinləşdirici içkilər də sifariş etmək olar. Əlbəttə, evdən özünüzlə yemək də götürə bilərsiniz, içkiləri isə uçuş vaxtı sifariş etmək mümkündür.

Təyyarənin salonunda multimedia monitorları yoxdur, uçuş ərzində vaxtınızı necə keçirəcəyinizi özünüz müəyyən etməlisiniz. Hər bir sərnişin oturacağının arxasında olan aviaşirkətin jurnalında uçuş zamanı əldə edəcəyiniz müxtəlif malların siyahısı dərc olunub. Ümumilikdə, uçuş uzun çəkmir və vaxtın necə keçdiyini hiss etmirsiniz.

Aeroportdan transfer

Aeroportdan Budapeştin mərkəzinə avtomobillə təxminən yarım saata çatmaq mümkündür. Hava limanında bizim başqa ölkələrdə şahidi olmadığımız çox maraqlı transfer sistemi fəaliyyət göstərir. Bu sistem aeroportun miniBUD şattları xidməti vasitəsilə həyata keçirilir. Bir nəfərin transferi təqribən 7 avroya başa gəlir. Onun əsas özəlliyi ondan ibarətdir ki, bu pul müqabilində sizi təkcə şəhərin mərkəzinə və ya vağzala deyil, həm də otelin qapısınadək aparırlar. Adətən dispetçer hər bir minivenə 5-6 sərnişin götürür və sürücü ən əlverişli marşrut üzrə onları müxtəlif səmtlərdə olan otellərə çatdırır.

Eyni zamanda, sizin təyyarəyə dönüş biletiniz varsa, göstərilən qiymətlə əvvəlcədən qayıdış transferi sifariş edə bilərsiniz. Təyin olunmuş vaxtda miniavtobus sizi otelin qarşısında gözləyəcək və digər sərnişinlərlə birlikdə aeroporta aparacaq.

Valyuta mübadiləsi

Aeroportun valyutadəyişmə məntəqələrindəki kurs şəhərdə olduğundan xeyli fərqlidir. Məsələn, əgər aeroportda bir avro üçün 253,04 forint təklif olunursa, şəhər valyutadəyişmə məntəqələrinin bir çoxunda kurs orta hesabla bir avro üçün 320 forintdir. Beləliklə, macar valyutasını şəhərdə əldə etmək sizin üçün xeyli sərfəlidir.

Otel

Budapeştdə maraqlı otellər çoxdur və biz onların bir neçəsi ilə tanış ola bildik. “Aria by Library Hotel Collection” butik oteli bir çox cəhətdən orijinaldır. Otelin otaqları elektronika ilə əhatə olunub: idarəetmə - işıqlandırma, temperatur rejimi, pərdələr, restorandan sifarişlər və s. məsafədən planşet ekranı ilə həyata keçirilir. Yerli nömrələri olan və limitsiz internetlə təchiz edilmiş telefon da qonaqların istifadəsinə verilib. Telefonu özünüzlə şəhərə apara və dünyanın istənilən ölkəsinə pulsuz zəng edə bilərsiniz. Otaqlarda ev kinoteatrı və qəhvə maşını da var. Otel nömrəsinə girişdə sizi masanın üzərində meyvə ilə dolu qab gözləyir, habelə hər axşam şokolad təklif olunur. Qiymətlərə səhər yeməyi, SPA və fitness xidmətləri olan kompleks də daxildir. Otaqlarda vanna da orijinal şəkildə - çarpayının yaxınlığında yerləşdirilib. Bütün kosmetik ləvazimatlar Britaniyanın “Molton Braun” firmasının istehsalıdır. Hər gün saat 16:00-dan 18:00-dək otelin foyesində qonaqlar üçün meyvəli, pendirli, qəlyanaltılı və zövqünüzə görə içkili furşet təşkil olunur.

Mehmanxana şəhərin mərkəzindədir və onun yuxarı terrasında yerləşən restorandan ətrafa geniş mənzərə açılır. Buradan yaxınlıqdakı “Budapest Eye” çarxı da görünür. Şəhərin iki hissəsini birləşdirən asma körpüyə isə beş dəqiqəyə çatmaq olar. Biz oraya yollanırıq.

Zəncirvarı körpü

Dunay çayı Budapeşti iki hissəyə - Buda və Peştə bölür. Şəhərin iki hissəsini birləşdirən Dunay çayı üzərində ilk daimi körpü 1849-cu ildə istifadəyə verilmiş Seçenya körpüsüdür. Bu, macar siyasətçisi qraf İştvan Seçenyanın şərəfinə adlanan şəhərin bir çox tikilisindən biridir. Onun adına meydanlar, təhsil müəssisələri də var, yerli əsginasların üzərində isə qrafın portreti təsvir olunub.

Seçenya körpüsünü Zəncirvarı körpü də adlandırırlar. Bu tikili çuqun naxışlarla bəzədilmiş polad konstruksiyalardan hazırlanıb. Körpünün həm avtomobillər, həm də piyadaların keçidi üçün nəzərdə tutulan hissələri var. Onun üzərindən Peştdəki Macarıstan Elmlər Akademiyasının yerləşdiyi bina olan İştvan Seçenya meydanından Budadakı Adam Klark meydanınadək gəzintiyə çıxmaq olar.

Ən məşhur olan Seçenya körpüsü ilə yanaşı, Budapeştdə Dunayın üzərində daha yeddi analoji tikili var. Onların hamısını görmək üçün çay boyu kruizə çıxmaq kifayətdir.

Dunay boyu kruizlər

Dunay boyu ekskursiya kruizləri ilin bütün aylarında müxtəlif gəmiçilik şirkətləri tərəfindən həyata keçirilir. Gündüz və gecə, yemək təklif olunan və olunmayan kruizlər mövcuddur. Biz “Legenda” şirkətinə məxsus “Duna Bella” teploxodunda gündüz kruizinə çıxdıq. 

Teploxoda Zəncirvarı körpünün və 1894-1896-cı illərdə tikilən Azadlıq körpüsünün yaxınlığındakı kiçik körpüdə mindik. Birgöyərtəli qayığın geniş pəncərələri və şüşə tavanı onu daha işıqlı və rahat edir. Audiobələdçilər 30 dildə şəhərin tarixi və görməli yerləri barədə məlumatlar təqdim edirlər. Seçəcəyiniz iki içki və kabelsiz internet də biletin qiymətinə (4200 forint) daxildir. Kruiz 1 saat 10 dəqiqə davam edir və bundan sonra qayıq çıxış nöqtəsinə geri qayıdır.

Dunayın mərkəzindəki Marqaret adası da maraqlı məkandır. Uzunluğu 3 kilometr olan bu kiçik quru parçası şəhərin ən yaşıllıq hissəsi hesab olunur. Onu, həmçinin Budapeştin Mərkəzi parkı da adlandırırlar. Keçmişdə burada kralın ov sahəsi yerləşib və bu səbəbdən onu Dovşan adası da adlandırırlar. Marqaret adasında böyük çinar ağacları, qaçış üçün cığırlar, tennis kortları, Yapon bağı, restoranlar və s. mövcuddur. Adada UNESCO-nun mühafizə etdiyi qədim suvurma qülləsi də ucalır.

Qayıq adanın yaxınlığında üzür və arzu edənlər düşərək bu gözəl məkanda gəzintiyə çıxa bilərlər.

Metro

Budapeştdə avtobus və trolleybuslarla yanaşı, 1896-cı ildə açılmış dünyanın ən qədim metropoliten xətti sistemi də fəaliyyət göstərir. 

Metronun quruluşu bizim üçün yetərincə qeyri-adidir. Burada turniketlər yoxdur. Girişdəki kassalardan bilet alınır və nəzarətçiyə təqdim edilir. Otelimizin yaxınlığındakı metro stansiyasına ilk dəfə daxil olduqda, onun sahəsi bizi heyrətləndirdi: bura çox kiçik idi. Köhnə dəbli sarı qatarlar, perrondakı əyləncəli dükanlar, divardakı milli ornamentlər olan kaşı lövhə keçmiş zamanların dekorasiyalarını xatırladır. Məlum oldu ki, bu sarı və ən qədim stansiya dörd metro xəttindən yalnız birinə məxsusdur. Qalan üçü XX əsrin 70-ci illərində tikilib və daha müasir görünür.

Budapeşt metropoliteninin şəhərdə hərəkəti asanlaşdıran 57 stansiyası var. Stansiyalar arasında məsafə olduqca qısadır. Həmçinin metro bizim Bakı metrosundan tez açılır və erkən bağlanır (4:30-23:00).

Mərkəzi bazar

Yerli sakinlər və şəhərin qonaqları bazarlıq üçün adətən Mərkəzi bazara yollanırlar. Bu, Macarıstanın ən böyük ənənəvi ərzaq bazarıdır. Onun ikimərtəbəli binası 1897-ci ildə tikilib və macar milli abidələri siyahısına daxil edilib.

Şəhərin mərkəzindəki Azadlıq körpüsünün yaxınlığında yerləşən bazarın Macarıstanın məşhur Jolnai çini məmulatlar manufakturasının rəngarəng kirəmitləri ilə örtülmüş qeyri-adi damı diqqəti cəlb edir. Əsas darvazadan binaya daxil olduqda, ziyarətçilər geniş çeşiddə tərəvəz, ət, balıq, süd məhsulları, həmçinin xalq sənəti nümunələri və suvenirlərin satıldığı səs-küylü bazarı görürlər. Buradakı kafelərdə yerli məhsullardan hazırlanmış ənənəvi yeməklərin dadına baxmaq olar.

Əcnəbilərin az hissəsi bazar zalının zirzəmisinə aparan yolu tapa bilir, lakin buraya daxil olanlar macarların çox sevdikləri tərəvəz turşusunun dadına baxa bilərlər.

Qulyaş və kürtöşkalaç

Macarların ən məşhur milli yeməyi qulyaşdır. Qədim vaxtlarda bu qatı tərəvəzli ət şorbası çobanların sevimli yeməyi olub. Budapeştin bütün iaşə obyektlərində - istər mərkəzi bazardakı kafelərdə, istərsə də yüksək keyfiyyətli restoranlarda müştərilərə qulyaş təklif edilir. Lakin əmin olmalısınız ki, bu xörək donuz deyil, məhz mal ətindən hazırlanıb.

Budapeştdə ən geniş yayılmış digər təam kürtöşkalaçdır. Bişirilmiş xəmirdən olan bu yemək şişdə hazırlanır. Yəqin ki, kürtöşkalaç sizə daha çox, Çexiyada tanındığı kimi, trdelnik adı ilə tanışdır. Macarıstan paytaxtında onu müxtəlif qənnadı sexlərində, hətta metronun girişindəki budkalarda hazırlayırlar. Kürtöşkalaç içərisi silindrvarı boşluq olan kömbədir və üzərinə çeşidli ədviyyatlar və qoz əlavə olunur. Onun vanilli, darçınlı, badamlı, şokoladlı, kokoslu, laləli və digər növləri var. Qiyməti isə 1,5-3,5 avro arasında dəyişir.

Ticarət mərkəzləri

Budapeştin ticarət mərkəzlərində geyim, ayaqqabı və aksesuarların geniş çeşidinə rast gəlmək olar. Burada çoxlu müasir mollar tapa bilərsiniz, onlardan ən məşhur və böyük olanları isə “WestEnd City Center” və “Arena Plaza” ticarət mərkəzləridir. Dərhal bu obyektlərə yollanmağınızı məsləhət görürük.

“WestEnd City Center” ticarət mərkəzi Qərb dəmiryolu vağzalının (Budapeştdə Şərq və Cənub vağzalları da var) yaxınlığında yerləşir. 1999-cu ildə açılan bu moll həmin dövrdə Mərkəzi Avropanın ən iri ticarət mərkəzi olub. Bu gün burada yüzlərlə mağaza, kafelər, restoranlar və çardaqda yerləşən buz meydançası fəaliyyət göstərir.

Şərq dəmiryolu vağzalının (Keleti) yaxınlığında Macarıstanın ən böyük ticarət mərkəzi – 2007-ci ildə köhnə ippodrom ərazisində tikilmiş “Arena Plaza” yerləşir. Burada həm aşağı büdcəli brendlər, həm də “lüks” sinfindən olan bahalı malların zəngin çeşidi var. Ticarət mərkəzində fəaliyyət göstərən 200-dək mağazada geyim, ayaqqabı, ev əşyaları, idman malları və texnika satılır.

Ticarət mərkəzinin başlıca xüsusiyyəti burada populyar “Tesco” hipermarketinin yerləşməsidir.

Sözardı

Reportajın növbəti hissəsində Budapeştin nədən Avropanın yeganə kurort şəhəri adlandığı, Osmanlı imperiyasının bu məsələdə hansı rol oynadığından bəhs edəcəyik. Həmçinin 153 yaşı olan Macarıstan paytaxtında Avropanın ən qədim heyvanat parkı və digər görməli yerlərdən söz açacağıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.