DÜNYA
Budapeşt Xorvatiyada tikilməsi nəzərdə tutulan MTQ terminalının səhmlərinin dörddə bir hissəsini almağa hazırdır
Budapeşt, 15 aprel, AZƏRTAC
Macarıstan hökuməti Xorvatiya hökumətinə bu ölkədə tikilməsi ehtimal edilən maye təbii qaz (MTQ) terminalının səhmlərinin 25 faizini almağı təklif edib.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Macarıstanın xarici işlər naziri Peter Siyarto bu gün jurnalistlər qarşısında brifinqdə açıqlayıb.
Nazir bundan əvvəl Xorvatiyanın ətraf mühit və energetika naziri Tomislav Koriç ilə danışıqlar aparıb. Çin – Mərkəzi və Şərqi Avropa sammiti ərəfəsində keçirilmiş həmin görüşdə Siyarto qeyd edib ki, qaz təchizatının şaxələndirilməsi Mərkəzi Avropa üçün çox vacib məsələdir.
Macarıstanlı nazir deyib ki, terminalın tikilməsi və Macarıstana rəqabətqabiliyyətli qiymətə qazla təchiz olunması ölkənin strateji maraqlarına daxildir. Terminal barədə qərarın və planların artıq qəbul edildiyini bildirən Siyarto daha sonra əlavə edib ki, hələlik bu sahədə fiziki irəliləyiş yoxdur. “Xorvatiya bu suala hələ dəqiq cavab verməyib, çünki o, eyni zamanda qazın həcminin azaldılması barədə Macarıstanın təklifi üzrə də qərar etmək istəyir”, - deyən Siyarto əlavə edib ki, terminala sərmayə qoyulması “strateji məsələdir, lakin biz, əlbəttə, qazı bugünkündən yüksək qiymətə almayacağıq”. Nazir danışıqların davam etdiriləcəyini bildirib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt