DÜNYA
Budapeşt hava limanı irimiqyaslı yenidənqurma prosesindən keçəcək
Budapeşt, 29 avqust, AZƏRTAC
Ferens List adına Budapeşt beynəlxalq aeroportunun yenidən qurulması macarıstanlı vergiödəyicilərinə təqribən 7,4 milyard forintə (1 ABŞ dolları 403 forintə bərabərdir) başa gələcək.
AZƏRTAC xəbər verir ki, infrastrukturun inkişafı proqramı artıq ölkənin Nazirlər Kabineti tərəfindən bəyənilib.
Bu il Macarıstan paytaxtının hava limanı Avropa aeroportlarının əksəriyyəti üçün səciyyəvi olan fasilələrlə rastlaşmayıb. Böyük sərnişin axınına baxmayaraq, nəqliyyat qovşağının fəaliyyəti rəvan və durmadan davam edib, bu isə ölkə hökumətinə aeroportun yenidən qurulması işlərini belə rəvan həyata keçirməyə şərait yaradıb.
Xüsusən uçma-enmə zolaqları yenilənəcək, eləcə də Budapeşt Karqosunda platforma genişləndiriləcək. Həmçinin yağış suyunun çəkilməsi sistemi və işıqlandırma şəbəkələri yenilənəcək. İşlərin icrası iki mərhələdə aparılacaq, dekabrın əvvəlinədək davam edəcək birinci mərhələdə yenidənqurma işlərinə 3,5 milyard forint sərf olunacaq.
Ferens List adına Budapeşt beynəlxalq aeroportunda sərnişin axını bu il iyul ayında 1 294 608 nəfər təşkil edib. Bu göstərici pandemiyaya qədər qeydə alınan səviyyənin 80 faizinə bərabər və ötən ilin analoji dövrü ilə müqayisədə 140 faizdən çoxdur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt