Budapeşt şəhərində “Yeni gün” adlı Novruz şənliyi keçirilib
AzerTAg.az
Budapeşt, 22 mart, AZƏRTAC
Azərbaycanın Macarıstandakı səfirliyi, Macarıstandakı Azərbaycan Evi, Azərbaycan Respublikası Gənclər Fondu, “Silk Way” Tələbə Fondu və “Barsz” Macarıstan-Qazaxıstan Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Gənclərin İnteqrasiya və İnkişaf Assosiasiyasının (AYID) təşkilatçılığı ilə Macarıstanın paytaxtı Budapeşt şəhərində “Yeni gün” adlı Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Macarıstan, həmçinin Tatar və Çuvaş icmalarının nümayəndələri maraqlı incəsənət nümunələri ilə çıxış ediblər. Bu ölkələri və icmaları təmsil edən tələbə və gənclər Türk dünyasının qədim ortaq tarixi və zəngin mədəniyyətini təbliğ ediblər.
Tədbirin açılışında Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli çıxış edib. O, ortaq türk tarixi, mədəniyyəti, adət-ənənələri və dəyərlərinin təbliğində azərbaycanlı gənclərin rolundan söz açıb.
Sonra AYID-in idarə heyəti üzvü Nazim Musabəylinin müəllifi olduğu “Yeni gün” tamaşası nümayiş etdirilib. Novruz bayramının qədim personajlarından sayılan Keçəl, Xan oğlu, Bahar qızı, Od Baba, Yel baba, Yayıq xan və Torpaq Ananın yer aldığı tamaşada gənc soydaşlarımızdan olan Ləman Əlizadə Bahar qızı obrazını canlandırıb.
Tədbirin sonunda Türk dünyası mətbəxinin ləziz təamlarından ibarət süfrə açılıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt








Xəbərin mətnində orfoqrafik səhv var