DÜNYA
Budapeştdə ABŞ-ın daha bir sabiq prezidentinin xatirəsi əbədiləşdiriləcək
Budapeşt, 14 sentyabr, AZƏRTAC
Macarıstanın paytaxtında, ABŞ-ın bu ölkədəki səfirliyinin binası yaxınlığında Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti ata Corc Buşa abidə ucaldılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Macarıstandakı səfirliyi özünün xüsusi bəyanatında bildirib.
Bəyanatda deyilir ki, abidənin açılışı oktyabrın 23-də təşkil olunacaq və həm Macarıstanda, həm də bütün Mərkəzi və Qərbi Avropada kommunizmin süqutunun 30 illiyinə həsr ediləcək.
Macarıstan hökumətinin bəyanatında deyilir ki, bu qərar demokratiyanı müdafiə etməsi və kommunist diktaturasının əleyhinə olması ilə gələcək Macarıstanın quruculuğuna öz töhfəsini verən siyasətçiyə təşəkkür və minnətdarlıq nümunəsidir.
Xatırladaq ki, ata Corc Buş prezident qismində Macarıstana rəsmi səfər edən ilk ABŞ prezidenti olub.
Ölkənin səfirliyi Budapeştin mərkəzindəki Sabadşaq-terdə (Azadlıq meydanı) yerləşir. Burada, həmçinin ata Corc Buşun sələfi, ABŞ-ın 40-cı prezidenti Ronald Reyqana da abidə ucaldılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt