DÜNYA


Budapeştdə Ərəb Mədəniyyəti günləri açılıb

Budapeşt, 11 aprel, AZƏRTAC

Bu gün Macarıstanın paytaxtında III Ərəb Mədəniyyəti günlərinin açılışı olub. Tədbir Budapeştdə ərəb ölkələri səfirlərinin Şurası və E.Lorand adına Universitetin təşkilatçılığı və Macarıstan Milli Assambleyasının spikeri Laslo Köverin himayəsi ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, builki tədbir tanınmış macar şairi Attila Yozefin anadan olmasının ildönümünə həsr olunub və Macar Poeziyası Günü ilə üst-üstə düşür. Ərəb Mədəniyyəti günləri Macarıstan cəmiyyətinin zəngin ərəb mədəniyyəti ilə tanış olması və ərəb-müsəlman aləmi ilə macar cəmiyyəti arasında mədəniyyətlərarası dialoqun stimullaşdırılması məqsədi daşıyır. Həm ərəb mədəniyyəti, həm də macar poeziyası günlərində müxtəlif mədəniyyət tədbirlərinin, o cümlədən ərəb dünyasının mədəni irisinə həsr olunmuş sərgilərin keçirilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində bu gündən başlayaraq 14 ərəb ölkəsi öz pavilyonlarında öz doğma ölkələrinin mənzərələrini və hətta qoxusunu (ənənəvi ətirlər) əks etdirən kitablar, suvenirlər, bukletlər təqdim edəcəklər. Qolyavarda yerləşən Mariya-Tereziya zalında xalq sənətkarların əl işləri, o cümlədən dulusçuluq məmulatları, habelə rəsm əsərləri, heykəllər, ənənəvi bəzək əşyaları, kalliqrafiya, ən başlıcası, ərəb ruhu təqdim olunacaq. Bundan başqa, qonaqlar ekzotik ərəb yeməklərinin dadına baxa biləcəklər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.