DÜNYA
Budapeştdə bomjlarla... həmrəylik nümayişi keçirilib
Budapeşt, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 21-dən etibarən Macarıstanda qüvvəyə minəcək qanuna görə hər hansı şəxsin ictimai yerdə yaşaması və orada yatması qadağan ediləcək. Budapeştdə həmin düzəlişə etiraz aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Macarıstan parlamentinin binası qarşısındakı Koşüt meydanında bir neçə yüz insan toplaşıb.
“Şəhər hamı üçündür” adlı fəallar qrupu tərəfindən təşkil olunmuş nümayişdə bu qrupun üzvü Marta Erdöxedi çıxış edib. O deyib ki, evsiz insanların cəzalandırılması bu problemin həlli deyil, bundansa həmin adamların mənzil tapmasına kömək etmək yaxşı olar.
Marta Erdöxedi daha sonra deyib ki, evsizlər üçün sığınacaqlar çox adamın təhlükəsizliyini təmin edir, evsizliyin aradan qaldırılması üçün isə daha ciddi və layiqli qərarlar qəbul edilməlidir.
Sosial məsələlər və inteqrasiya üzrə dövlət katibi Attila Fülop bu sözlərin cavabında deyib ki, Macarıstanda evsizlərə xidmətlər şəklində real kömək göstərilir.
A.Fülop mətbuat konfransında deyib ki, Macarıstanda evsizlər üçün 19000 yerlik sığınacaqlar var, orada hər cür rahatlıq təmin edilib.
Bu il Macarıstan hökumətinin evsiz insanlara qayğı üzrə 9,1 milyard forint (28 milyon avro) xərcləyəcəyini bildirən Fülop daha sonra əlavə edib ki, yaşayış yeri məlum olmayan insanların təminatı üçün 300 milyon forint həcmində ehtiyat fondu yaradılması qərara alınıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt