ELM VƏ TƏHSİL
Budapeştdə keçirilən seminarda əqli mülkiyyət sahəsində ölkəmizdə görülən işlərdən danışılıb

Bakı, 18 dekabr, AZƏRTAC
Müəlliflər və Bəstəkarlar Təşkilatlarının Beynəlxalq Konfederasiyasının (CISAC) Avropa regional ofisi tərəfindən Macarıstanın paytaxtı Budapeştdə müəlliflərin əmlak hüquqlarının kollektiv idarə edilməsi üzrə hüquqi məsələlərə həsr olunmuş seminar keçirilib. Müxtəlif ölkələrdən 70-dən artıq nümayəndənin qatıldığı seminarda Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev də iştirak edib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün istifadəsi və reprosurətçıxarma, onun əhəmiyyəti, Avropada bu istiqamətdə hüquqi inkişaf, qeyd olunan sahələrdə qarşılıqlı dialoqların yaranmasına kömək göstərilməsi, əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün istifadəsi və reprosurətçıxarma üzrə qabaqcıl metodlarının təşviqi, bu sahələrdə yığılan qonorarın müəlliflər üçün əsas gəlir mənbələrindən birinə çevrilməsi, şəxsi məqsədlər üçün surətçıxarma ilə bağlı qlobal tədqiqatların nəticələri və s. məsələlər müzakirə olunub.
Müzakirələr zamanı Natiq İsayev ölkəmizdə son vaxtlar əqli mülkiyyət sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən institusional islahatlar, habelə əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün istifadəsi və reprosurətçıxarma ilə bağlı normativ-hüquqi aktlar barədə geniş məlumat verib, bu sahədə işlərin təşkilində kollektiv idarəetmə təşkilatlarının fəaliyyətinə dəstək verildiyini qeyd edib, belə tədbirlərin göstərilən sahələrdə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından çox faydalı olduğunu vurğulayıb.