REGİONLAR


“Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici təlim keçirilir

Naxçıvan, 12 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici təlim başlayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təlimə mədəniyyət sahəsi üzrə çalışan 20 mühasibat işçisi dəvət olunub. Dörd gün ərzində keçiriləcək təlimdə büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının təşkili və uçotu, vergi uçotunun təşkili, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması kimi mövzulara yer verilib. Təlim muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin aparat rəhbəri Tural Şirəlizadə çıxış edərək iştirakçılara keçirilən təlimin mahiyyəti və gözlənilən nəticələr barədə məlumat verib.

Sonra Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında yaradılmış Maliyyə Tədris Mərkəzinin funksiyaları haqqında danışıb.

Bildirilib ki, mərkəzin əsas məqsədi maliyyə və mühasibat işi sahəsində çalışanların peşə hazırlığının təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Görüləcək işlər muxtar respublikada yüksəkixtisaslı kadrların hazırlanmasına və maliyyə intizamının daha da gücləndirilməsinə töhfə verəcək.

Sonra gündəliyə uyğun olaraq təlimin ilk günündə Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda iştirakçılara ətraflı məlumat verib. Növbəti günlərdə Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin sektor müdiri Ülvi Cəfərov, Vergilər Nazirliyinin Vergiödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov, Maliyyə Nazirliyi aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov müvafiq mövzularda təlim keçəcəklər.

Təlimin yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.