REGİONLAR
“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində təlim keçirilib
Naxçıvan, 17 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində ilk təlim keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 70-dən çox məktəblinin iştirak etdiyi təlimdə məktəbin direktoru Aygün Hüseynova və Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimin mahiyyəti və aktuallığı barədə məlumat veriblər.
Növbəti mərhələdə isə slaydlar vasitəsi ilə “Büdcəmizi anlayaq” mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadənin çıxışı dinlənilib.
Təlimin interaktiv hissəsində Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova tərəfindən interaktiv oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb.
Sonra məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 3 komanda iştirak edib. İnteraktiv mərhələdən sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, “Büdcəmizi anlayaq” layihəsinin muxtar respublikanın digər ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub.