İQTİSADİYYAT
Büdcənin icrasında ümumi daxili məhsulun 2 faizi qədər profisit yaranıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 22 milyard 401,5 milyon manat, xərcləri 20 milyard 470,7 milyon manat təşkil edib, büdcənin icrasında 1 milyard 930,8 milyon manatlıq və ya ümumi daxili məhsulun 2 faizi qədər profisit yaranıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 20 milyard 297,9 milyon manat, xərcləri isə 18 milyard 151,9 milyon manat təşkil edib. Daxilolmaların 25,19 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 23,61 faizi əlavə dəyər vergisi, 5,19 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,66 faizi fiziki şəxslərin gəlir vergisi, 4,18 faizi aksizlər, 1,10 faizi sadələşdirilmiş vergi, 1,82 faizi vergilərin digər növləri, 34,25 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 22,84 faizi iqtisadi fəaliyyətin, 17,38 faizi təhsil və səhiyyənin, 17,28 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 13,32 faizi ümumi dövlət xidmətlərinin, 12,81 faizi sosial müdafiə və sosial təminatın, 16,37 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.