SİYASƏT


Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir

Bakı, 7 avqust, AZƏRTAC

Heç bir dövlətin hazır olmadığı COVID-19 virusunun yaratdığı pandemiya şəraiti Azərbaycanda da mart ayından vurduğu hərtərəfli ziyanla özünü göstərməkdədir. Dövlətimizin başçısının daimi nəzarətində olan mübarizə tədbirləri, səhiyyə sahəsində atılmış ciddi addımlar, insan sağlamlığının qorunması, həmçinin onların həyat şəraitinə daha çox dəyə biləcək ziyanların qarşısının alınması, ümumilikdə dövlətimizin bu problemdən daha az zərərlə çıxmasına yönəlik fəaliyyət davamlı olaraq aparılmaqdadır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat deyib: “Şübhəsiz ki, bu mübarizənin aparılmasında əsas məsələ dövlətin imkanlarının bir daha götür-qoy olunmasını, habelə mövcud dövlət büdcəsinin dayanıqlılığının optimallaşmasını diktə edirdi. Hökumət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, pandemiya şəraitinə uyğun zəruri qanunların qəbul olunması istiqamətində qanunverici orqan olan Milli Məclis də paralel fəaliyyət göstərib. Cari ilin dövlət büdcəsinin dürüstləşdirilməsinə dair, habelə iqtisadiyyatın həssas dönəmində dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib.

Dövlət büdcəsinə dəyişikliklərlə bağlı qəbul olunan qanun layihəsində əsasən pandemiyadan irəli gələn çağırışlar rəhbər tutulub və dövlət büdcəsinin xərcləri artırılıb. Belə ki, dövlət təhlükəsizliyi, səhiyyə islahatları, iqtisadi fəaliyyət subyektləri, həmçinin rəqəmsallaşma istiqamətində dürüstləşdirilmiş büdcədə əlavə xərclər müəyyən olunub. Eyni zamanda, Milli Məclisin avqust ayının 5–7-də keçirilmiş növbədənkənar iclasında altı məsələyə baxılıb. Qəbul olunmuş qanun layihələri Azərbaycan vətəndaşlarının sağlamlığının, sosial rifahının yaxşılaşdırılmasına, habelə ölkəmizin müstəqilliyinin xarici təhdidlərdən qorunmasının təmin olunmasına xidmət edən qanunlardır. Hesab edirəm ki, büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir”.

Məzahir Əfəndiyev qeyd edib ki, bu gün artıq ölkə rəhbərliyinin COVID-19 pandemiyası ilə apardığı mübarizədəki rəhbər tutduğu idarəçilik rəsmi rəqəmlərdə özünü nəinki doğruldur, hətta bu yanaşmanın yeni, nümunəvi idarəçilik modeli olması beynəlxalq təşkilatlar tərəfindən səsləndirilir. Hökumətin 24 saat çalışması bahasına əldə olunmuş müsbət nəticələr xalqımız tərəfindən dəyərləndirilir. Bu tendensiyanın qorunub saxlanılması bütün Azərbaycan xalqının hamılıqla gündəlik həyat tərzinə çevrilməlidir.

“Əminəm ki, qədirbilən xalqımız bu mübarizədən üzü ağ və az zərərlə həmrəylik, dözüm, səbir nümayiş etdirərək çıxacaq, Prezidentin “Biz Birlikdə Güclüyük” devizinə əməli töhfə verəcəkdir”, - deyə deputat vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.