İQTİSADİYYAT


Budəfəki hərracda 7 dövlət əmlakına 16 sifariş verilib

Bakı, 12 mart, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 12-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, budəfəki hərracda 7 dövlət əmlakına ümumilikdə 16 sifariş verilib. Bu dəfə vətəndaşlar tərəfindən səhmdar cəmiyyətinin səhm paketi, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri özəlləşdirilib. Belə ki, investorlardan biri Lənkəran şəhəri, T.İsmayılov küçəsindəki “Lənkəran mebel” adlı səhmdar cəmiyyətinin 30 faizlik səhm paketi üzrə hərracda iştirak edib. Sənaye sahəsinə aid dövlət əmlakının özəlləşdirilən səhmlərinin ümumi sayı 50 minə yaxındır. Mebel məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan müəssisənin ərazisində inzibati bina, istehsalat sexi, yeməkxana ilə yanaşı, digər bina və qurğular yerləşir.

Özəlləşdirilən kiçik dövlət müəssisəsi paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşir. Əvvəllər ictimai iaşə xidməti üzrə fəaliyyət göstərmiş obyektin ümumi faydalı sahəsi 87,9 kvadratmetrdir. Dövlət əmlakı 225,8 kvadratmetrlik torpaq ərazisi ilə birgə iştirakçı tərəfindən 7 min 500 manata özəlləşdirilib. Az büdcə ilə xidmət obyektinə sahib olmaq imkanı yaradan qeyri-yaşayış sahəsi paytaxt ərazisində yerləşir. Suraxanı rayonu, Hövsan qəsəbəsindəki bu obyektin ümumi faydalı sahəsi 29,9 kvadratmetrdir. Hərrac iştirakçısı bu dövlət əmlakını 3 min manata özəlləşdirib.

İştirakçılar arasında nəqliyyat vasitələrinə sahib olmaq arzusu bu növ dövlət əmlaklarının hərracını rəqabətli edib. Belə ki, buraxılış ili 2007-ci il olan “Cherry Easter” markalı nəqliyyat vasitəsinin ilkin hərrac qiyməti 1440 manat təyin edilib. Hərracda 4 iştirakçı arasında yaranan rəqabət nəticəsində avtomobilin satış qiyməti 2 dəfədən çox yüksəlib və qalib iştirakçı onu 3 min 300 manata özəlləşdirib. “Toyota Camry” markalı avtomobilin isə ilkin hərrac qiyməti 10 min manat, buraxılış tarixi isə 2009-cu ildir. Beş sifarişçinin mübarizəsi ilə keçən hərracda qalib iştirakçı 14 min 600 manat təklif edərək avtomobili özəlləşdirib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda sadə və müasir üsullar vətəndaşların prosesdə rahat iştirakına şərait yaradır. Dövlət əmlaklarının özəlləşmədən sonra uğurlu fəaliyyəti özəl sektorun inkişafını təmin etməklə bərabər, digər investorların da prosesdə iştirak marağını artırır. Komitə tərəfindən növbəti hərrac martın 19-da keçiriləcək. Özəlləşdirmə hərracına ümumilikdə 99 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 2-si yarımçıq tikili, 20-si səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək və onlayn sifariş vermək üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir. Hər bir şəxs açıq hərraclara həm məkana gəlməklə, həm də onlayn formada qoşula bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.