İQTİSADİYYAT
Bugünədək Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə 40 mindən çox bildiriş daxil edilib
Bakı, 9 aprel, AZƏRTAC
Bugünədək Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə 700-dən çox istifadəçi tərəfindən 40 mindən artıq bildiriş daxil olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin reyestr bölməsinin rəhbəri Eynur Məmmədov deyib.
O bildirib ki, istifadə olunan əsas kateqoriyalar istehlak malları, mebel, zinət əşyaları və ev heyvanlarıdır. İndiyədək Azərbaycanda fəaliyyət göstərən banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, yerli və xarici hüquqi şəxslər dövlət reyestrində qeydiyyatdan keçib.
Qeyd edək ki, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin 2.3.2-ci tədbirinə uyğun olaraq yaradılıb, 2018-ci il martın 15-də istifadəyə verilib. Dövlət reyestri əmlak üzərində girov və digər yüklülük haqqında məlumatları əks etdirən onlayn məlumat bazasıdır. Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar. Reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmini, yüklü əmlakın təkrar istifadəsi, məhdudlaşdırılması, yüklü əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılmasıdır.