REGİONLAR


Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi müasir, müstəqil və qüdrətli Azərbaycandır

Quba, 6 may, Elxan Yusifli, AZƏRTAC

Bu gün Ulu Öndərin ən böyük arzusu reallığa çevrilib: müstəqil Azərbaycan Respublikası öz ərazi bütövlüyünü Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində bərpa edə bilib. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi müasir, müstəqil və qüdrətli Azərbaycandır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev: elm və təhsilin himayədarı” mövzusunda respublika elmi konfransında bildirilib.

Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkil etdiyi konfransda Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ADPU-nun prorektor və dekan heyəti, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov bildirib ki, ümummilli lider Heydər Əliyev xalqımızın çoxəsrlik tarixində yetişdirdiyi ən görkəmli dövlət xadimləri sırasında uca yer tutur. Heç şübhəsiz, XX əsrin sonu - XXI əsrin əvvəllərində Azərbaycana Heydər Əliyev kimi təcrübəli bir şəxsin rəhbərlik etməsi xalqımızı böyük bəlalardan qurtardı. Məhz Heydər Əliyev faktoru 1993-cü ildə ölkəmizi tam işğal olunmaq, bir neçə hissəyə parçalanmaq, yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Azərbaycan demokratik və hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu yoluna qədəm qoydu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar olundu.

C.Cəfərov bildirib ki, Ulu Öndər həmişə Azərbaycan müəlliminə yüksək dəyər verib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr Pedaqoji Universitetin 100 ilinin təxminən 30 ilini əhatə edir. Ümummilli Lider universitetimizdə dəfələrlə olub, yubiley tədbirlərində, qəbul imtahanlarında iştirak edib. Ulu Öndərin xatirəsinə ehtiramın ifadəsi olaraq universitetdə Heydər Əliyev lektoriyası, Heydər Əliyev Muzeyi, ikinci korpusumuzda Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə təhsilə, gələcək nəsillərin hərtərəfli biliklərə yiyələnməsinə, cəmiyyətdə müəllimlərimizin nüfuzunun durmadan artmasına, onların sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsinə hər zaman yüksək diqqət və qayğı göstərib.

“Ulu Öndərimiz qeyd edirdi ki, “Təhsil millətin gələcəyidir”. Məhz Heydər Əliyevin hakimiyyəti dövrlərində ölkəmizdə bir sıra yeni ali, orta ixtisas, orta ümumtəhsil və xüsusi təyinatlı məktəblər açılıb, yüzlərlə yeni məktəb binaları inşa olunub və əsaslı təmir edilib. Ulu Öndərin siyasətini bütün istiqamətlər üzrə uğurla davam etdirən Prezidentimiz İlham Əliyev təhsil sahəsinə də yüksək diqqət və qayğı göstərir. Təhsil sahəsi ilə bağlı son illər ərzində Prezident tərəfindən bir sıra mühüm qanunlar, dövlət proqramları, fərman və sərəncamlar imzalanıb. Bu da qısa vaxt ərzində Azərbaycan təhsilinin yüksək səviyyədə inkişafına, professor-müəllim heyətinin sosial vəziyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına, təhsil ocaqlarımızın bina şəraitlərinin və maddi-texniki bazalarının güclənməsinə gətirib çıxarıb”, - deyə Z.Əliyev söyləyib.

Tədbirdə çıxış edən digər natiqlər də Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti haqqında danışıb, dahi şəxsiyyətin uzaqgörən siyasətindən söz açıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.