İQTİSADİYYAT
Bugünkü hərraca çıxarılan 11 dövlət əmlakına ümumilikdə 18 sifariş verilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, ƏMDK tərəfindən təşkil edilən hərraclarda iştirak olduqca rahatdır. Hərraca müxtəlif kateqoriyalı dövlət əmlaklarının çıxarılması ilə hər kəs geniş seçim imkanından istifadə edərək özəlləşdirməyə qoşula bilər. Bu fürsətlər hərraclara marağı artıraraq rəqabətli mühiti təmin edir.
Budəfəki hərraca çıxarılan dövlət əmlaklarından 11-nə ümumilikdə 18 sifariş verilib. Hərracda buraxılış tarixləri 1991-2007-ci illər olan nəqliyyat vasitələri “Mitsubishi”, “Nissan”, “Hyundai” və digər markalara aid olub. Avtomobillərdən biri üzrə keçirilən hərracda 2 nəfərin iştirakı prosesi rəqabətli edib. Belə ki, buraxılış tarixi 2006-cı olan “UAZ-315122” markalı nəqliyyat vasitəsi üzrə maraq təyin olunmuş ilkin qiyməti 1700 manat yüksəldib. Rəqabət digər avtomobillərin özəlləşdirilməsində də müşahidə olunub.
Növbəti hərrac isə sentyabrın 17-də keçiriləcək. Həmin hərraca ümumilikdə 57 dövlət əmlakı çıxarılıb. İnvestorların 42 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 15 səhmdar cəmiyyəti üzrə seçim imkanı var. Hərraca çıxarılan əmlaklar üzrə seçim etmək və sifariş vermək istəyənlər Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi sifarişçilərlə bərabər, prosesə marağı olan şəxslərin hərraclarda canlı və onlayn formada iştirakını təmin edir. Açıq hərracların gedişatını onlayn izləmək istəyən vətəndaşlar təyin olunan vaxtda müvafiq linkə daxil ola bilərlər (e-emdk.gov.az/eHerrac/Home/Presentation).