İQTİSADİYYAT
Bugünkü hərracda 19 dövlət əmlakı özəlləşdirilib
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərracda ümumilikdə 19 dövlət əmlakı özəlləşdirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan 5-i kiçik dövlət müəssisə və obyekti, 8-i qeyri-yaşayış, 1-i yarımçıq tikili, 5-i isə nəqliyyat vasitəsidir.
Vətəndaşların marağına səbəb olan kiçik dövlət müəssisə və obyektləri respublikanın rayon və şəhərlərində yerləşir. Oğuz şəhərində geniş torpaq sahəsinə malik Tütün anbarının ümumi faydalı sahəsi 1659.2 kvadratmetrdir. Dövlət əmlakının yenidən qurulması və ya fəaliyyətinin bərpası onu sahibi üçün gəlirli sahəyə çevirə bilər. Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsində yerləşən Əmlak kompleksi də qazanclı biznes üçün münasibdir. Ümumi faydalı sahəsi 237,2 kvadratmetr olan bu dövlət obyekti torpaq sahəsi ilə birgə özəlləşdirilib. Cəlilabadda Tara müəssisəsi, Mingəçevirdə yardımçı təsərrüfat, Lənkəranda qeyri-yaşayış binası kimi əmlaklar da bu hərracda öz sahibini tapıb.
Xidmət obyekti kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahələri bu hərracda da vətəndaşları özünə cəlb edə bilib.
Paytaxtdakı qeyri-yaşayış sahələri Nəsimi, Səbail və Binəqədi rayonlarında yerləşir. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracında rəqabətli mühit müşahidə olunub. İlkin qiymət 5 min manat təyin olunan bu obyektə qalib iştirakçı 5 min 100 manat təklif edib. Rayonlar üzrə özəlləşən qeyri-yaşayış sahələrindən biri Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12/1 ünvanında yerləşir. Ümumi faydalı sahəsi 89.3 kvadratmetr olan bu obyektə iştirakçi 12 min 500 manat təklif edib.
Avtomobil almaq arzusunda olanlar isə seçimlərini dövlət əmlakları üzrə edərək hərracda iştirak ediblər. Özəlləşdirilən "Daewoo Nexia" və "Kia Optima" markalı nəqliyyat vasitələrinin buraxılış tarixləri 2005-ci ildir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac oktyabrın 30-da keçiriləcək. Ayın son hərracına ümumilikdə 130 dövlət əmlakı çıxarılıb. Onlardan 79-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir. Hərracda iştirak üçün özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs prosesə həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq hərrac gedişini canlı izləyə bilər.