İQTİSADİYYAT


Bugünkü hərracda 6 dövlət əmlakına 12 sifariş verilib

Bakı, 9 aprel, AZƏRTAC 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aprelin 9-da keçirilən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərracda 6 dövlət əmlakı üzrə 12 sifariş qəbul olunub.

Komitədən AZƏRTAC-a bildirilib ki, özəlləşən dövlət əmlakları Bakı, Gəncə, Şabran və Lənkəranda yerləşir. Onlara kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahəsi aiddir.

Kiçik dövlət müəssisələri arasında zavod və ictimai iaşə obyektləri var. Rəqabətli mühitdə özəlləşən dövlət əmlakı Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşir. Ümumi faydalı sahəsi 405,3 kvadratmetr olan bu obyekt 89,5 min manata özəlləşdirilib. Elektron formada hərracda iştirak statusu qazanan vətəndaş isə Şabran şəhərinin M.Ə.Rəsulzadə küçəsindəki mehmanxananın sahibinə çevrilib. Ümumi faydalı sahəsi 582,5 kvadratmetr olan bu dövlət əmlakı torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Yüksək iqtisadi potensialı olan “Lənkəran Mexaniki Təmir Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti də özəlləşdirilən dövlət əmlakları sırasındadır. Lənkəran şəhərinin Heydər Əliyev prospektindəki zavodun ümumi faydalı sahəsi 3,9 min kvadratmetrdir. Bu dövlət əmlakı 29,3 min kvadratmetrlik torpaq sahəsi ilə birgə 350 min manata özəlləşdirilib.

Rəqabətli mühitdə keçən hərrac paytaxtın Yasamal rayonunun M.Müşfiq küçəsindəki qeyri-yaşayış binası üçün də xarakterikdir. Bu dövlət əmlakının hərracında 6 vətəndaş iştirak edib. Ümumi faydalı sahəsi 84,1 kvadratmetr olan qeyri-yaşayış binasına ilkin hərrac qiyməti 50 min manat təyin edilib. Rəqabət nəticəsində dövlət əmlakının son hərrac qiyməti 78 min manata yüksəlib.

Komitə tərəfindən aprelin 16-da keçiriləcək növbəti hərraca ümumilikdə 62 dövlət əmlakı çıxarılıb. Onlardan 19-u səhmdar cəmiyyəti, 18-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 13-ü isə nəqliyyat vasitəsidir.

Təşkil olunan hərraclarda iştirak etməklə hər kəs əmlak sahibinə çevrilə bilər. Bu istiqamətdə bütün prosedurları əlavə vaxt itirmədən onlayn qaydada yerinə yetirmək mümkündür. Özəlləşmədə iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.