ELM VƏ TƏHSİL
Bugünkü müstəqil siyasətimizin əsası məhz Ümummilli Liderin Azərbaycana qayıtması ilə qoyulub
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Azərbaycan Dillər Universitetində (ADU) “15 iyun - Qurtuluşdan tərəqqiyə” mövzusunda tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu universitetin rektoru, akademik Kamal Abdulla Milli Qurtuluş Gününün xalqımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığını deyib. Düşmənçilik, münasibətlərin korlanması və qonşu dövlətlərlə əlaqələrin kəsilməsinin ölkəmizin çətinliklər yaşamasına gətirib çıxardığını vurğulayan K.Abdulla ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasının Azərbaycanın sivil dünya dövlətləri arasında inteqrasiyasının başlanğıcı olduğunu söyləyib. O deyib: “Həqiqətən də, mədəni, iqtisadi, siyasi, ictimai və digər sahələrdə Azərbaycanın gələcəyi son dərəcə böyük sual altında idi. Bugünkü müstəqil siyasətimizin əsası məhz Ümummilli Liderin Azərbaycana qayıtması ilə qoyulub”.
Rektor diqqətə çatdırıb ki, o zamanlar Azərbaycanda baş verən son dərəcə ciddi siyasi qarşıdurmanın nəticəsi kimi ortaya çıxan siyasi böhran qısa zamanda aradan qaldırıldı və ölkə normal sivil inkişaf yoluna düşdü. Bütün bunlar Ulu Öndərin bilavasitə fəaliyyətinin nəticəsi idi. “Xalqımız Ümummilli Liderin və onun silahdaşlarının xidmətini heç zaman unutmayacaq, Azərbaycanın istiqlaliyyəti uğrunda can verənlərin xatirəsini həmişə uca tutacaq, ölkəmizin bütövlüyü naminə həyatını qurban verən şəhidlərimizi həmişə yad edəcək”, - deyə K.Abdulla diqqətə çatdırıb.
Bu gün Azərbaycanın Prezident İlham Əliyev tərəfindən inamla, cəsarətlə idarə edildiyini deyən rektor ölkəmizdəki əmin-amanlığın, müxtəlif dinlərarası, millətlərarası münasibətlərin xalqımızın tarixboyu yaşatdığı ənənənin nəticəsi olduğunu bildirib. K.Abdulla deyib: “Bu gün Azərbaycanda tolerantlıq, multikulturalizm ideyaları özünü göstərirsə, onu dövlət səviyyəsində dərk edib həyata keçiririksə, bunun özü də xalqımızın ruhunda, mayasında olan dəyərlərin nəticəsidir”.
Universitetin kafedra müdiri, professor Adil Babayev ümummilli lider Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın xilas olunduğunu bildirib. 2015-ci ildə təməli qoyulan TANAP layihəsi haqqında danışan A.Babayev Azərbaycanın düzgün siyasətin nəticəsində dünyada tanındığını söyləyib. Diqqətə çatdırılıb ki, əgər Azərbaycan bütün dünya xalqları tərəfindən multikultural və sivil bir ölkə kimi tanınırsa, bu, Ümummilli Liderin fəaliyyətinin nəticəsidir.
Azərbaycan xalqının azadlıq yolunda mübarizə apardığını, bu yolda çoxlu şəhid verdiyini söyləyən ADU-nun təhsil fakültəsinin tələbəsi, xəlifə rektor Nicat Aşurov Milli Qurtuluş Gününün vətənini, xalqını sevən, həmin ağrılı günlərin dəhşətlərini yaşayan insanlar üçün əsl qurtuluş tarixi olduğunu bildirib. Bu tarixi yaradanın Azərbaycanın müstəqilliyində xalqa arxa olan ulu öndər Heydər Əliyev olduğunu vurğulayan N.Aşurov söyləyib ki, Ümummilli Lider xalqın və respublikanın hakim dairələrinin təkidi ilə daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğradıb. Xalqımızın və tariximizin qarşısında böyük xidmətləri olan Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mənəvi dəyərlərimizin bərpa edildiyini deyən N.Aşurov vurğulayıb ki, Ümummilli Liderin qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz böyük nailiyyətlər qazanıb.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş olunub.