REGİONLAR
Bugünkü qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir
Bərdə, 7 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə mayın 6-dan 8-dək keçirilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda II beynəlxalq elmi konfrans öz işini bölgələrdə davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 7-də Bərdə şəhərində yerləşən Ağdam rayonu 1 nömrəli köçkün tam orta məktəbində “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib. ADU-nun dosenti Namiq Əsədovun moderatorluğu ilə keçirilən tədbirdə təhsil işçiləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya tədbirdə Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirib ki, bugünkü güclü, qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.
Tədbirdə ADU-nun müəllimi Akif Qasımov “Heydər Əliyevin Azərbaycan müəlliminə münasibəti”, məktəbin müəllimləri Çimnaz Kərimova “Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu”, Ülkər Səmədova “Heydər Əliyevin azərbaycançılıq ideologiyası”, Arzu Alışova “Qloballaşan dünyada dinlərin və mədəniyyətlərin rolu” mövzularında çıxış ediblər.
Tədbirin sonunda fəal iştirakçılara sertifikatlar təqdim edilib.