İQTİSADİYYAT


Builki yubiley “BakuBuild” sərgisində 23 ölkədən 280 şirkət iştirak edəcək YENİLƏNİB VİDEO

Bakı, 21 oktyabr, AZƏRTAC

Bakı Sərgi Mərkəzində keçiriləcək yubiley Azərbaycan Beynəlxalq İnşaat - “BakuBuild” sərgisində 23 ölkədən 280 şirkət iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 21-də XXV “BakuBuild” və XII Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu - “Aquatherm” sərgilərinin açılışına həsr olunan mətbuat konfransında “Caspian Event Organisers” şirkətinin rəhbəri Edvard Stron deyib.

E.Stron bildirib ki, bu il “BakuBuild” sərgisi üçün əlamətdar ildir. Belə ki, regionun əsas inşaat sərgisi öz mötəbər yubileyini – uğurlu fəaliyyətinin 25 illiyini qeyd edir. 1995-ci ildə təsis edilmiş sərgi bu illər ərzində 35 ölkəni təmsil edən 5000-dək şirkəti bir araya gətirib. Azərbaycanın hüdudlarından çox uzaqlarda da tanınan “BakuBuild” sərgisi özünü işgüzar əlaqələrin qurulduğu, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayiş olunduğu etibarlı işgüzar platforma kimi doğrulda bilib: “BakuBuild” sərgisinin vacibliyini layiqincə qiymətləndirməmək olmaz. Belə ki, məhz sərgi vasitəsilə ölkə bazarında yeni texnologiyalar tətbiq edilir və investisiyalar cəlb olunur. İştirakçıların bir çoxu artıq uzun illərdir ki, sərgiyə qatılaraq öz tarixini sərginin tarixi ilə bölüşür. Bu il sərgi öz yubileyini yeni loqotip ilə qarşılayır”.

Məlumat verilib ki, ötən illə müqayisədə bu il “BakuBuild” sərgisinin ekspozisiyası 10 faiz artıb. İştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir. Sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran və ilk dəfə olaraq Türkiyənin milli qrupları iştirak edir. Tədbirdə, həmçinin Rusiya Federasiyasını 11 regional qrup təmsil edir: Vladimir, Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk və Tümen vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya və Şimali Osetiya - Alaniya respublikaları. Yerli şirkətlər sərgi iştirakçılarının 40 faizini təşkil edir, yeni şirkətlərin sayı isə 50 faizi keçib. Sərginin qeydiyyat sponsoru qismində tədbirin daimi iştirakçısı - “NB Group” şirkəti çıxış edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dəstək proqramı çərçivəsində mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə “BakuBuild” sərgisində öz stendi ilə iştirak edir. KOBİA-nın stendində inşaat sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini və məhsullarını təqdim edəcək.

Sərgidə inşaat materialları, dam örtükləri və izolyasiya, interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, inşaat avadanlıqları və texnologiyaları, yayma metal, işıq və elektrotexniki məhsullar və sair təqdim olunacaq.

“BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo” sərgisi də keçiriləcək. Bu il sərgidə yumşaq mebel, mətbəx qarniturları, otaqlararası qapılar və mebel ləvazimatlarını təqdim edən yerli və xarici istehsalçılar iştirak edəcəklər.

XII Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securex Caspian” sərgisində iştirakçılar təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulmuş texniki vasitələri, eləcə də avtomatik yanğınsöndürmə vasitələrini, mühafizə siqnalizasiya sistemlərini, mühafizə televiziyası və müşahidəsi sistemlərini, qəza-xilasetmə texnikasını və digər məhsulları nümayış etdirəcəklər. Eyni zamanda, Bakı Ekspo Mərkəzində XII beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku 2019” sərgisi keçiriləcək. Hər il keçirilən ixtisaslaşdırılmış sənaye sərgisi bu il Çex Respublikası, Çin, İtaliya, Livan, Rusiya, Türkiyə və digər ölkələrin də yer aldığı 19 ölkədən 65 şirkəti bir araya gətirməklə, 7 faiz artım nümayiş etdirəcək. İştirakçıların 36 faizi yerli şirkətlərin payına düşür. Sərginin daimi iştirakçıları arasında “Azertexnolayn”, “Anadolu Kafkas Insaat San. ve Tic. A.S.”, “Polymart”, “Euroclima”, “Newcond”, “Yusi Ko”, “Turan Makina” və sair şirkətlər yer alacaq. “Aquatherm Baku 2019” sərgisində debüt edən şirkətlərin sayı 60 faiz təşkil edəcək ki, onların da əksəriyyəti xarici iştirakçılardır.

Ümumilikdə, sərgidə havatəmizləyicilər, kondisionerlər, radiatorlar, ventilyatorlar, istilik sistemləri, istilik izolyasiya materialları, vanna və cakuzilər, saunalar, üzgüçülük hovuzları, isidicilər, kompressorlar, kullerlər, enerjini idarəetmə sistemləri, ətraf mühiti mühafizə texnologiyaları, filtrlər, fittinqlər, borular, içməli su istehsalı, nasoslar, soyuducular, günəş enerjisi və sair kimi məhsul və xidmətlər təqdim ediləcək. Bu il təşkilatçılar xüsusi olaraq sərgi üçün işgüzar proqram hazırlayıblar. Sərgi çərçivəsində bir sıra seminarlar baş tutacaq: “Kottec və aşağı mərtəbəli tikinti üçün müasir izolyasiya sistemləri TechnoNICOL”; “Etibarlı yeraltı su izolyasiyası üçün müasir həllər: nəzəriyyə və təcrübə” və sair.

Sərginin ən dolğun günlərindən biri oktyabrın 23-nə təsadüf edəcək. Belə ki, həmin gün xarici və yerli istehsalçı və distribütorların iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək. Bu il təşkilatçılar planlaşdırılmış görüşlərin sayına görə əsl rekorda imza atıblar. Ümumilikdə, “B2B” formatlı görüşlərdə əməkdaşlıq perspektivlərini üzbəüz müzakirə etmək üçün 150 şirkət iştirak edəcək.

“BakuBuild” sərgisi İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.