DÜNYA
Bukingem sarayı kraliça II Elizabetin platin yubileyini planlaşdırıb
Bakı, 2 iyun, AZƏRTAC
Böyük Britaniya 2022-ci ildə dörd gün ərzində II Elizabetin kraliçalığının 70 illiyini qeyd edəcək. O, taxta çıxdığı günün 70 illiyini qeyd edən ilk monarx olacaq.
AZƏRTAC BBC News telekanalına istinadla xəbər verir ki, Bukingem sarayının mətbuat xidməti təntənəli mərasimin planını dərc edib.
Yubiley mərasimi 2022-ci il iyunun 2-də başlayacaq. Həmin gün və iyunun 3-ü cümə günü ölkədə qeyri-iş günü elan olunacaq.
İyunun 3-də Müqəddəs Paul kilsəsində yubiley münasibətilə təntənəli mərasim keçiriləcək. Ertəsi gün kraliça və ailəsi Epsom şəhərində cıdır yarışlarını izləyəcək. Axşam isə Bukingem sarayında “dünyanın ən böyük ulduzlarının” iştirakı ilə canlı konsert təşkil olunacaq. Konsert iştirakçılarının adları hələ açıqlanmayıb.
İyunun 5-də ölkə daxilində yubileyə həsr olunan küçə gəzintiləri təşkil ediləcək, Bukingem sarayında və ətraf məkanlarda küçə sənətçilərinin iştirakı ilə festival keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, II Elizabet 1952-ci il fevralın 6-da atası Kral VI Georqun ölümündən sonra taxta çıxıb. O zaman 25 yaşı olan kraliçanın tacqoyma mərasimi 1953-cü il iyunun 2-də baş tutub. Mərasim ilk dəfə televiziya ilə canlı yayımlanıb.