İQTİSADİYYAT
“Bulla-dəniz” yatağında yeni quyu istismara verilib
Bakı, 5 oktyabr, AZƏRTAC
“Bulla-dəniz” yatağında yüksək debitlə yeni quyu istismara daxil edilib.
“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik ölkənin quru və dəniz ərazilərindəki yataqlarda istismar işlərini uğurla davam etdirir, neft-qaz hasilatının sabit saxlanılması və daha da artırılması məqsədilə görülən tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə olunur. Həyata keçirilən tədbirlər nəticəsində “Azneft” İstehsalat Birliyi daha bir uğurlu göstəriciyə imza atıb. Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağında beynəlxalq standartların tələblərinə uyğun görülmüş qazma, tikinti və mənimsəmə işləri uğurla başa çatıb və yüksək debitli 123 nömrəli quyu istismara verilib.
“Bulla-dəniz” yatağındakı 122 nömrəli platformadan qazılan quyunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnib, VIII horizontun 6097-6057 metr dərinlik intervalına hazır süzgəc endirilib. Mənimsəmə-sınaq işləri nəticəsində, quyu yüksək qaz və kondensat hasilatı ilə mənimsənilməyə başlanılıb.