ELM VƏ TƏHSİL
Bulud mühitində yükün təhlükəsiz virtual maşınlara optimal paylanması üsulu təklif olunub
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları “Bulud mühitində yükün PSO əsasında balanslaşdırılması üsulu” adlı məqalə “Springer” nəşriyyatında çap olunan “Automatic Control and Computer Sciences” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə “sürü” intellektinə əsaslanan aPSO-TBLB adlı yük balanslaşdırılması üsulu təklif edilib. Təklif edilən yanaşmanın eksperimental yoxlanması “Cloudsim” və “Jswarm” proqramlarında aparılıb. Simulyasiya nəticəsində təklif edilmiş üsul əsasında tapşırıqların planlaşdırılması üçün optimal həll tapılıb və tapşırıqların virtual maşınlara bərabər paylanması təmin edilib.
Qeyd edək ki, “Automatic Control and Computer Sciences” jurnalı “Web of Science”, “Scopus”, “Inspec”, “Google Scholar”, “DBLP”, “EBSCO Discovery Service”, “EI Compendex”, “Emerging Sources Citation Index”, “Expanded Academic”, “Gale Academic OneFile”, “ProQuest-ExLibris Primo” və s. beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.