REGİONLAR
Bum çayı üzərində 310 metrlik körpünün inşası yekunlaşıb VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası istiqamətində aparılan işlər artıq yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni körpü 12 aşırımlı olmaqla uzunluğu 310 metr, eni isə 9 metrdir. Layihə çərçivəsində vətəndaşların körpü rahat və təhlükəsiz hərəkətinin təşkili üçün hər bir istiqamət üzrə piyada səkiləri salınıb.
Körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara daşınmasına imkan yaranacaq. Bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq, yeni turizm marşrutlarının yaranmasına zəmin yaratmaqla əhalinin həyat şəraitinə müsbət təsir etmiş olacaq.
2019-cu ildə Qəbələ rayonunun 11 min əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən və 18 kilometr uzunluğa malik Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Təqribən 30-35 kilometrlik məsafənin qısaldılması məqsədilə sözügedən yolun rayon mərkəzindən Bum qəsəbəsinə qədər gələn avtomobil yoluna birləşdirilməsinə zərurət yaranmışdı. Bu məqsədlə Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.