SİYASƏT
Bundestaqda son illər Azərbaycanda aparılan uğurlu islahatlardan danışılıb
Berlin, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən Alman Parlamentar Cəmiyyətində Azərbaycanda gedən inkişaf prosesləri, aparılan islahatlarla bağlı tədbir keçirilib.
Məqsəd Bundestaq üzvlərini və əməkdaşlarını Azərbaycanın yaxşı idarəçilik, elektron hökumətin yaradılması ilə bağlı əldə etdiyi nailiyyətlər, habelə “ASAN xidmət”in uğurlu fəaliyyəti barədə məlumatlandırmaq olub. Tədbir Xəzər və Qafqaz Regionunun Tədqiqi üzrə Berlin İnstitutu tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.
İşçi nahar formasında keçirilən tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Bundestaqın Cənubi Qafqaz üzrə dostluq qrupunun sədri Karin Ştrents, Bundestaq üzvlərinin bürolarını təmsil edən əməkdaşlar, jurnalistlər, elmi dairələrin nümayəndələri, habelə Alman-Azərbaycan Forumunun üzvləri iştirak ediblər.
Xəzər və Qafqaz Regionunun Tədqiqi üzrə Berlin İnstitutunun rəhbəri Matias Dornfeld Azərbaycana səfərləri zamanı “ASAN xidmət” mərkəzləri ilə tanış olduğunu, bu xidmətin tətbiqi nəticəsində ölkənin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlər əldə etdiyini və bu təcrübənin bir çox Avropa ölkələri, o cümlədən Almaniya üçün nümunə ola biləcəyini diqqətə çatdırıb. Yaxşı idarəçilik, elektron hökumətin yaradılması sahəsində də mühüm uğurların əldə olunduğunu vurğulayan M.Dornfeld Azərbaycanın bu sahədə regionda lider dövlətə çevrildiyini qeyd edib.
Çıxış edən Pərviz Şahbazov dinamik inkişaf edən Azərbaycan-Almaniya münasibətləri barədə məlumat verib, ölkəmizdə sosial, hüquq, təhsil və s. sahələrdə həyata keçirilən islahatlardan, korrupsiyaya qarşı mübarizədə əldə edilən uğurlardan, xüsusilə də “ASAN xidmət” təcrübəsindən söhbət açıb. Ölkə rəhbərliyinin “ASAN xidmət”in bu sahədəki fəaliyyətinə mühüm önəm verdiyini söyləyən P.Şahbazov Azərbaycan Prezidenti İlham Əliyevin respublikada fəaliyyət göstərən 7 “ASAN xidmət” mərkəzinin hər birinin açılışında şəxsən iştirak etdiyini, bunun “ASAN xidmət”in fəaliyyətinə diqqətin göstəricisi olduğunu söyləyib. O, bu islahatların davam etdirilməsi üçün ölkə rəhbərliyinin möhkəm siyasi iradə nümayiş etdirdiyini, aparılan islahatların daha böyük uğurlara gətirib çıxaracağına əminliyini bildirib.
Bundestaqın Cənubi Qafqaz üzrə dostluq qrupunun sədri Karin Ştrents Azərbaycanın Avropa, o cümlədən Almaniya üçün mühüm ölkə olduğunu vurğulayıb. O, Bundestaq üzvlərinin Azərbaycanda aparılan uğurlu islahatlar barədə məlumatlandırılmasının, həmçinin “ASAN xidmət”, eləcə də digər sahələrdə əldə edilən müsbət təcrübənin öyrənilməsinin və təbliğinin vacibliyini diqqətə çatdırıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin