SİYASƏT
Bundestaqın üzvü mülki şəxslərə hərbi hücumları pisləyir
Berlin, 15 iyul, AZƏRTAC
Almaniyanın CDU partiyasından Bundestaqın üzvü, Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrents Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulmasını və biri körpə olmaqla, iki mülki vətəndaşın qətlə yetirilməsini kəskin şəkildə pisləyib.
“Ermənistan ordusunun ağır artilleriyadan istifadə etməklə son hücumu Azərbaycan əhalisinə qeyri-insani münasibətin daha bir bariz nümunəsidir. Hücum nəticəsində 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsinin faciəvi şəkildə öldürülməsi çox sarsıdıcıdır. Düşüncələrim həlak olanların yaxınlarının yanındadır”, - deyə Ştrents bəyanatında qeyd edir.
“Artıq uzun müddətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən insanların həlak olması ilə bağlı dəhşətli xəbərlər bizi sarsıdır. Buna son qoyulmasını istəyirəm. Belə ki, hər bir qurban özlüyündə böyük bir faciədir. Bu səbəbdən ötən il Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində bütün tərəflərin danışıqlar masasına cəlb olunması məqsədilə münaqişə ilə bağlı işçi qrupun yaradılmasına dair təşəbbüslə çıxış etmişəm”, - deyə Bundestaq üzvü vurğulayır.
Ştrents Azərbaycan, Ermənistan və bu il ATƏT-ə sədrlik edən Avstriyaya hər bir ölkədən 3 deputat olmaqla, neytral ərazidə görüşlə bağlı təklif irəli sürüb. “Almaniya, Azərbaycan və Avstriya tərəfləri intensiv məsləhətləşmələrdən sonra təklifə dərhal razılıq bildiriblər. Təəssüf ki, Ermənistan tərəfinin cavabını bu günə kimi gözləyirik. Bilirəm ki, Ermənistanda yeni parlament seçilib, lakin burada insan həyatından söhbət getdiyi üçün məsələ çox təcilidir. Ümidvaram ki, Ermənistan tərəfi tezliklə təklifə öz razılığını bildirəcək. Belə ki, burada söhbət, fikrimcə, bizim birgə yaşayışımızın ali dəyəri olan sülhün təminatından gedir”, - deyə Bundestaq üzvü bəyanatının sonunda bildirir.
Bəyanatla aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://strenz.de/mediapool/79/794308/data/PM_Berg-Karabach.pdf
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin