DÜNYA
Bundesver inflyasiya ilə “ayaqlaşa” bilmir
Berlin, 5 dekabr, AZƏRTAC
NATO-nun Nizamnaməsinə uyğun olaraq, bu alyansa üzv dövlətlərin ÜDM-in 2 faizinin müdafiə xərclərinə ayrılması tələbi Almaniya tərəfindən çətin ki, yerinə yetirilsin. Halbuki bu ölkə bundesverin təchizat vasitələrinin tamamilə yenilənməsinə 100 milyard avro xərcləmək öhdəliyi götürüb. Federal kansler Olaf Şolts bundan əvvəl Almaniyanın müdafiə xərclərini ÜDM-in 2 faizinədək artırmaq niyyətini açıqlamışdı.
AZƏRTAC “Ştern” nəşrinə istinadla xəbər verir ki, alman ekspertlər bu məsələyə şübhə ilə yanaşırlar. Bunu nə gələn il, nə də 3 ildən sonra gözləmək lazım deyil. Bu məqsədə yalnız uzunmüddətli perspektivdə nail olmaq mümkündür, bu şərtlə ki, yeni müharibələr və ya “xüsusi əməliyyatlar” baş verməsin. Problem ondan ibarətdir ki, qiymət artımı davam edir və büdcəni tərtib edənlər bütün gözlənilməyən vəziyyətləri nəzər almaq iqtidarında olmaması ilə nəticələnir.
Ekspertlərin fikrincə, qeyd olunan məsələnin icrası üçün hətta 100 milyard avro həcmində xüsusi vəsaitin ayrılması nəzərə alınarsa, Almaniya müdafiə xərclərinə müntəzəm büdcəni ildə azı 5 faiz artırmalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin