DÜNYA
Bundesver rekrutlar qəbul edəcək
Praqa, 29 dekabr, AZƏRTAC
Almaniyanın “Die Zeit” nəşri bundesverin ”tam komplektləşdirilməməsindən” yazıb. Hazırda Almaniya ordusu ölkənin bütün tarixi ərzində ən azsaylı ordudur. Çağırışın ləğv edilməsi rekrut çatışmazlığına gətirib çıxarıb. Almaniya Silahlı Qüvvələrinin rəhbərliyi yeni əsgərlər çatışmadığına görə ordu sıralarına Avropa İttifaqının (Aİ) digər ölkələrindən vətəndaşlar qəbul etmək barədə düşünür.
AZƏRTAC xəbər verir ki, bunu “Funke” media-holdinqinin nəşrinə müsahibəsində bundesverin inspektoru Eberhard Zorn bildirib. O vurğulayıb ki, söhbət Almaniya ordusuna, məsələn, həkim və IT-mütəxəssislər cəlb etməkdən gedir. “Hamburger Abendblatt” qəzetinin yazdığına görə, Almaniya bu məsələ ilə bağlı artıq Aİ-nin 26 ölkəsinə müraciət edib. Guya dörd dövlət - Çexiya, Danimarka, İsveç və Belçika Almaniya tərəfinin təklifi barədə açıq diskussiya aparmağa razılıq verib. Fransa da məsələni müzakirə etməyə razıdır, amma təklifə şübhə ilə yanaşır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa