ELM VƏ TƏHSİL
Buraxılış imtahanları respublikanın 25 şəhər və rayonunda təşkil olunacaq
Bakı, 27 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 29-30-da respublikanın 25 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, aprelin 29-da Naxçıvan Muxtar Respublikasında, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, Çilov adasında yerləşən məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün, aprelin 30-da isə Bakı şəhərinin Nəsimi, Pirallahı, Sabunçu, Xətai rayonlarında, Biləsuvar, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Tovuz, Samux, Şabran, Yevlax, Yardımlı rayonlarında buraxılış imtahanları keçiriləcək.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 150 imtahan binası, 2367 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 150 ümumi imtahan rəhbəri, 386 imtahan rəhbəri, 2937 nəzarətçi-müəllim, 277 buraxılışı rejimi əməkdaşı (mühafizə), 150 bina nümayəndəsi cəlb edilib.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.