REGİONLAR
Buraxılış imtahanlarında Xaçmaz və Şabrandan olan 1945 şagird biliyini sınayıb
Xaçmaz, 14 aprel , Elxan Yusifli, AZƏRTAC
Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlər üçün aprelin 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda Xaçmaz və Şabran rayonlarından ümumilikdə 1945 nəfər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazda 3, Şabranda isə 1 mərkəzdə keçirilən imtahanlara 188 nəzarətçi müəllim, o cümlədən 16 imtahan rəhbəri cəlb olunub.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib.
İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahan mərkəzlərində şagirdlərin biliklərini sərbəst nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. Proses zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.