ELM VƏ TƏHSİL


Buraxılış və qəbul imtahanlarında iki il sonrakı dəyişikliklər yaxın günlərdə elan olunacaq

Bakı, 23 avqust, AZƏRTAC

Yaxın günlərdə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) iki ildən sonra buraxılış və qəbul imtahanlarında ediləcək dəyişikliklərlə bağlı birgə elan verəcək.

AZƏRTAC xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, gələn il ali məktəblərə buraxılış və qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq. Lakin nəzərə almaq lazımdır ki, kurikulum əsasında təhsil alan şagirdlər iki ildən sonra XI sinifdə təhsil alacaq və onların biliklərinin qiymətləndirilməsi fərqli şəkildə keçirilməlidir. O deyib: “Bu il kurikulum əsasında təhsil alan IX sinif şagirdləri üçün buraxılış imtahanları yeni qaydada - ikimərhələli şəkildə həyata keçirildi. Həmin şagirdlər iki ildən sonra XI sinifdə təhsil alacaq və onlar üçün keçiriləcək imtahanlarda yeniliklər ediləcək”.

M.Abbaszadə diqqətə çatdırıb ki, artıq 9 və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul yalnız buraxılış imtahanlarının nəticəsinə əsasən aparılır. Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər də buraxılış imtahanı verdikdən sonra qabiliyyət tələb edən imtahanlara qatılaraq bu yerləri qazanmaq imkanı əldə edib. “Ola bilsin ki, iki ildən sonra ali təhsil müəssisələrinin bəzi ixtisaslarına yalnız buraxılış imtahanlarının nəticəsinə əsasən qəbul aparılacaq. İki ildən sonra XI sinif şagirdləri üçün buraxılış imtahanları iki mərhələdə olacaq, ənənəvi test suallarından başqa yeni növ qiymətləndirmə - esse, açıq sual, mətn üzərində işləmə kimi tapşırıqlar veriləcək. Buna hazırlıqlı olmaq lazımdır”, - deyə M.Abbaszadə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.