İDMAN
Burcu Algon Giorgianni: Azərbaycanda yelkənli idman növünə maraq artmaqda davam edir
Bakı, 10 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC
2015-ci ildən başlayaraq Azərbaycanda Yelkənli İdman Federasiyası fəaliyyətə başlayıb. Bu il artıq ikinci ildir ki, biz üç mövsüm ərzində məktəbləri təşkil edirik. Bu günədək dünya və Avropa çempionatlarına qatılmışıq. İlk dəfə olaraq Azərbaycanda Yelkənli İdman Federasiyası tərəfində federasiya kuboku təşkil etdik. Bu il ötən ildən fərqli olaraq həm “Optimist”, həm də “Lazer” sinifli qayıqlarla yelkənçilər yarışdılar. Ümumilikdə 23 yelkənçi yarışlarda qüvvəsini sınadı. Sentyabrın 8-9-da keçirilən federasiya kuboku çərçivəsində 6 yarış nəticəsində qaliblər müəyyənləşdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində beynəlxalq dərəcəli mütəxəssis, Azərbaycan Yelkənli İdman Federasiyasının baş əlaqələndiricisi Burcu Algon Giorgianni deyib.
O qeyd edib ki, hazırda Azərbaycanda yelkənli idman növünə maraq artmaqda davam edir. Lakin gələcəkdə də yelkənli idman növünün gənclər arasında daha da yayılması üçün bir sıra tədbirlər həyata keçiriləcək.
Beynəlxalq dərəcəli mütəxəssis B.A.Giorgianni yelkənli idmanına marağı olan hər kəsi sentyabr ayı ərzində Azərbaycanda Yelkənli İdman Federasiyasına müraciət edib, növbəti yay məktəbinə yazılmağı məsləhət görüb.