MƏDƏNİYYƏT


Bursa konfransında Nizami Gəncəvinin “Xəmsə”si bəşəriyyətin elmi, ədəbi, mənəvi abidəsi kimi dəyərləndirilib

Bursa, 27 iyul, AZƏRTAC

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində daha iki panel keçirilib.

AZƏRTAC xəbər verir ki, Bursa Uludağ Universitetinin (BUU) professoru Hatice Şahinin sədrliyi ilə keçirilən paneldə özbəkistanlı alim Erkin Nuriddinov, azərbaycanlı alimlər Bayram Apoyev, Şəfa Qurbanova və başqaları, BUU-nun dosenti Erdem Özdemir sədrlik etdiyi növbəti paneldə isə azərbaycanlı alimlər Xədicə Hüseynova, Bibixanım İbadova, Əlimuxtar Muxtarov, Sərxan Cəfərov, Özbəkistandan dosent Dildor Nuriddinova və digərlərinin çıxışları dinlənilib.

Çıxışlarda Nizami Gəncəvinin “Xəmsə”si bəşəriyyətin elmi, ədəbi, mənəvi abidəsi kimi dəyərləndirilib. Vurğulanıb ki, böyük Azərbaycan şairinin əsərləri dünya ədəbiyyatında misilsiz bir xəzinədir. Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində görülən işlərdən, o cümlədən şairin əsərlərinin başqa dillərə tərcüməsi və çeşidli nəşrlərinin xüsusi əhəmiyyətindən bəhs olunub.

Nizami Gəncəvi həyata və yaradıcılığı üzərində səmərəli müzakirələr aparan alimlər vurğulayıblar ki, Gəncəvi beynəlxalq aləmdə təkcə nadir yaradıcılıq üslubu ilə seçilən şair kimi deyil, filosof və mütəfəkkir kimi tanıtdırılmalıdır. Qeyd olunub ki, məhz son illər görülən görülən işlərin böyük nəticəsi olaraq dünyanın ayrı-ayrı ölkələrində Nizami Gəncəvinin həyat və yaradıcılığı mövzusunda elmi tədqiqatlar sürətlə artmaqdadır.

Qeyd edək ki, Bursa konfransı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi İli” çərçivəsində görülən tədbirlərin davamı olaraq təşkil edilib.

Konfrans çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Nizami Gəncəvinin əsərlərinə həsr edilən rəsm əsərləri, o cümlədən Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində nəşr olunmuş Nizami Gəncəvinin külliyyatı, eləcə də Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatının Nizami Gəncəvinin kitabları daxil olmaqla nəşrləri, həmçinin TÜRKSOY-un nəşrləri sərgilənir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bursa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.