MƏDƏNİYYƏT


Bursada Şuşa Günləri keçirilir VİDEO

İstanbul, 8 dekabr, AZƏRTAC

Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində Şuşa Günləri keçirilir. Tədbir çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı” statusu Bursadan Şuşaya təhvil veriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirin ilk günü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə açılış mərasimi keçirilib.

Şuşa Günlərinin təşkilatçılarından olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva açılış mərasimində çıxışında Bursanın 2022-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi, eləcə də ilboyu Bursada keçirilən tədbirlərin şəhərin bütün türk dünyasına daha yaxından öyrənmək üçün möhtəşəm fürsət yaratdığını deyib.

Bildirilib ki, qarşıdan gələn il “Türk dünyasının mədəniyyət paytaxtı” statusu Bursadan Şuşaya keçəcək. Bu vəsilə ilə türk xalqlarının minlərlə illik dəyərlərini öyrənən, qoruyan və dünya çapında tanıdan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bursada Şuşa Günlərinin keçirilməsi təşəbbüsünü irəli sürdü və bu təşəbbüs, eyni zamanda, yeni, gözəl ənənənin başlanğıcı da sayıla bilər.

Azərbaycanın tarixi Şuşa şəhəri haqqında danışaraq fondun rəhbəri deyib ki, Şuşa təbii gözəlliklərin, ilahi möcüzələrin məskəni, fədakarlığın, eşqin yenilməz gücünün timsalı, eyni zamanda, bir qəhrəmanlıq dastanıdır. Şuşa Vətən sevgisi üçün ürəyindən vurulan igidlərin, şəhidlərin hekayəsi, bəşəri mirasa bənzərsiz əsərlər bəxş edən dahi fikir adamlarının, aydınların, şairlərin, yazıçıların, bəstəkarların dünyaya göz açdığı məkandır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Şuşa biz qayıtmışıq” sözləri 30 illik həsrətin sona çatdığını bildirən ən gözəl müjdədir. Qırx dörd günlük Vətən müharibəsi nəticəsində əldə edilən müqəddəs Zəfərin zirvəsi, 8 noyabrın Azərbaycanın tarix salnaməsinə qızıl hərflərlə Zəfər bayramı olaraq yazılmasıdır. Həqiqi qardaşlığın nümunəsi olan Şuşa Türkiyənin Azərbaycanın yanında dik duruşudur. Şuşa Türk dünyasının ayrılmaz hissəsidir.

Bildirilib ki, fond tərəfindən göstərilən bu tarixi təşəbbüsün məqsədi bu gün azad olan Şuşanın, Qarabağın tarixi-mədəni mirasının tanıdılması ilə yanaşı, Türkiyə-Azərbaycan arasındakı mədəni münasibətlərin, qardaşlıq bağlarının daha da dərinləşməsi, eləcə də Türk xalqlarının bir-birinə daha da yaxınlaşdırılması, həmrəyliklərinin gücləndirilməsinə töhfə verməkdir.

Mərasimdə çıxış edən Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və Bursa valisi Yakup Canbolat “Bursa İli” çərçivəsində ortaq mədəniyyətimizi özündə əks etdirən festivalların, idman oyunlarının, təbliğat proqramlarının və bir çox digər tədbirlərin keçirildiyini, bununla əlaqədar türk dünyasından çox sayda siyasətçinin, mədəniyyət və elm xadimlərinin Bursaya gəldiklərini deyiblər.

“Türk dünyasının mədəniyyət paytaxtı” statusunun gələn il Şuşaya keçəcəyini xatırladan çıxışçılar iştirakçılara Şuşa haqqında geniş məlumat veriblər.

Bildirilib ki, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri 30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Zəfərlə azad edilib və bu hadisə türk tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir.

Qeyd edilib ki, işğal dövründə ermənilər tərəfindən Şuşanın mədəni-mənəvi irsi, o cümlədən tarixi abidələri və məscidləri dağıdılıb, şəhər viran qoyulub. Hazırda Azərbaycan dövləti bu ərazilərdə bərpa-yenidənqurma işləri aparır. Yaxın zamanda vətəndaşlarımızın doğma yurd-yuvalarına köçürülməsi dövlətimizin əsas məqsədlərindən biridir.

Qəhrəmanlıq, fədakarlıq və eşqin dastanı olan Şuşanın mədəni irsi, əsrarəngiz təbiəti, bəşəri mirasa böyük fikirlər bəxş edən şairləri, yazıçıları və dahi musiqiçiləri kimi tarixi şəxsiyyətləri ilə dünyada tanındığını deyən natiqlər şəhərin işğaldan azad edilməsi ilə yenidən həyata qaytarıldığını, mədəni və tarixi mirasımıza yenidən bəxş edildiyini vurğulayıblar.

Bildirilib ki, Azərbaycan xalqı üçün xüsusi məna kəsb edən Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, eyni zamanda, türk dünyası xalqları arasında birlik və bərabərliyin daha da möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Şuşa Azərbaycanın tarixini özündə əks etdirən açıq havada muzeydir. Bundan sonra Şuşada Xarıbülbülün qoxusu hiss ediləcək, Qarabağ atları qamətini görəcək və Azərbaycan mədəniyyətinin paytaxtı dünyaya layiqli şəkildə nümayiş olunacaq.

Türkiyə-Azərbaycan münasibətlərinə toxunan natiqlər Türk dünyasının hər dövlətinin Türkiyə üçün əhəmiyyətli olduğunu qeyd ediblər. Bildirilib ki, xüsusilə Azərbaycanın bütün məsələlərini Türkiyə hər zaman öz məsələsi kimi qəbul edib. Ölkələrimiz arasında birliyin əsas memarları Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. İki dahi liderin nümayiş etdirdiyi birlik dünya üçün nümunədir.

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” statusunun Bursadan Şuşaya keçməsi məqsədilə Bursada keçirilən Şuşa Günlərinin təşkilində əməyi olanlara təşəkkürnamələr və xüsusi plaketlər təqdim edilib.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, dövlət qurumlarının nümayəndələri və digərləri iştirak ediblər.

İki gün davam edəcək Şuşa Günləri çərçivəsində Azərbaycanın mədəniyyətini, milli dəyərlərini və geyimlərini özündə əks etdirən tədbirlər təşkil olunacaq.

 
Günel Məlik

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.