MƏDƏNİYYƏT
Bursada “Yeddi Gözəl” musiqi qrupunun konserti olub VİDEO
Bursa, 10 dekabr, AZƏRTAC
Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində “Yeddi Gözəl” musiqi qrupunun konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert proqramı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yaradılan “Yeddi Gözəl” musiqi qrupu Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eləcə də Macarıstan olmaqla yeddi ölkəni təmsil edən istedadlı və peşəkar qadın musiqiçilərdən, sənətçilərdən ibarətdir. Qrupun dirijoru və solisti Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadədir.
Konsert proqramında türkdilli xalqların musiqiləri ilə yanaşı Turan Manafzadənin ifasında Azərbaycanın milli mahnıları ifa edilib.
Qrup ilk çıxışını bu il noyabrın 11-də Türk Dövlətləri Təşkilatının XI Səmərqənd Zirvə Görüşü çərçivəsində türkdilli ölkələrin birinci xanımları üçün edib.
Proqram tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Konsertdən sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum adından qrup üzvlərinə xüsusi plaketlər təqdim edib.
Günel Məlik
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa