CƏMİYYƏT
Bursada keçirilən Dünya Köçəri Oyunlarında süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdikləri şou-kompozisiya alqışlarla qarşılanıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Sentyabrın 29-dan oktyabrın 2-dək Türkiyənin Bursa şəhərində artıq dördüncü dəfə Dünya Köçəri Oyunları təşkil olunub.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, İordaniya, Yaponiya, Paraqvay, Mərakeş, Moldova, Qırğızıstan, Tacikistan, Qambiya, Meksika, Liviya, İtaliya, Slovakiya kimi ölkələrin təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə DSX-nin 60 nəfərlik heyətdən ibarət süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib.
Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin mühüm hissəsi olmaqla maddi-mədəni sərvətimiz sayılan, ecazkar gözəlliyi və valehedici xüsusiyyətləri ilə seçilən Qarabağ atları üzərində oyunların açılış günündə təmsilçilərimizin nümayiş etdirdikləri xüsusi şou-kompozisiya tamaşaçılar tərəfindən böyük heyranlıq və alqışlarla qarşılanıb.
Oyunlar çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 20-dən çox ənənəvi idman növü üzrə yarışlar keçirilib.
Dörd gün ərzində davam edən tədbirlərdə bir milyondan çox insanın iştirakı qeydə alınıb.