CƏMİYYƏT
“Buster” doza ilə peyvəndləmə prosesi uğurla davam edir VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Son həftələrdə COVID-19-un “omikron” ştamı ilə əlaqədar olaraq Azərbaycanda yoluxma sayı sürətlə artır. Nəzərə almaq lazımdır ki, “buster” doza ilə peyvəndlənmə orqanizmdə virus əleyhinə yaranmış anticisimlərin sayının artmasına səbəb olur. Bu da xəstəliyə yoluxmuş şəxslərin COVID-19-u daha yüngül keçirməsinə zəmin yaradır.
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə “buster” doza ilə peyvəndlənməyənlər fevralın 15-dən etibarən bir sıra ictimai iaşə obyektlərinə buraxılmayacaq. Nazirlər Kabinetinin qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.
Mövzu ilə bağlı AZƏRTAC-a danışan 19 saylı şəhər poliklinikasının baş həkiminin müavini Yeganə Cəfərova bildirib ki, son günlər “buster” doza ilə vaksin olunmağa gələn vətəndaşların sayında artım müşahidə edilir: “Bütün dünyada pandemiya qaydalarına tam əməl edilməməsi, xüsusilə vaksinasiyadan sonra tibbi maskalardan məhdud istifadə, eləcə də koronavirusun yeni ştamları xəstəliyin daha çox yayılmasına səbəb olub. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-dan qorunmaq üçün “buster” dozanın vacibliyini vurğulayıb və əhali üçüncü doza ilə peyvəndləməyə cəlb edilib. COVID-19-un “omikron” ştamı ilə əlaqədar ölkədə yoluxma sayında müşahidə edilən kəskin artım da vətəndaşların “buster” doza ilə vaksinasiyada aktiv iştirakına zəmin yaradıb. Misal üçün, əvvəllər poliklinikada gün ərzində təxminən 200 vətəndaş gücləndirici doza vurdururdusa, indi bu göstərici dəfələrlə yüksəkdir. Onu da qeyd edim ki, poliklinikada “buster” doza kimi həm “Pfizer”, həm də “Sinovac” vaksinlərindən istifadə edilir. Lakin əhali “Pfizer” vaksininə daha çox üstünlük verir. Bu, yəqin ki, əhalinin əksəriyyətinin xaricə çıxışı ilə əlaqədardır”.
Həkim-mütəxəssis qeyd edib ki, birinci və ikinci dozanı qəbul etmiş şəxslər 6 ay keçdikdən sonra “buster” doza ilə peyvəndləndikdə onlarda immun reaksiya güclənir: “Belə olan halda, xəstəliyə tutulma ehtimalı azalır. Xroniki xəstəliklərdən əziyyət çəkənlər isə gücləndirici vaksin olunarsa, onlar COVID-19-a yoluxduğu zaman ölüm ehtimalı az olur. “Buster” doza vurduranlar 6 aydan sonra yenidən “buster” doza qəbul edə bilərlər. Lakin həmin 6 aydan sonrakı 2 ay müddətində ikinci dəfə “buster” doza vurdurmayanlar daha sonra vaksin olunarsa, bu, revaksinasiya sayılır. Belə olan halda, əvvəlki vaksinasiya qüvvədən düşmüş hesab edilir və vətəndaş növbəti dəfə iki doza peyvənd qəbul etməlidir”.
Y.Cəfərova bütün əhaliyə müraciət edərək bildirib ki, hər kəs üçüncü doza peyvəndi vaxtında qəbul etməlidir: “Bu, vətəndaşların sağlamlığı üçün vacibdir. Unutmamalıyıq ki, vaksinasiya xəstəliyə yoluxmaqdan qorumur. Sadəcə olaraq, peyvəndlənən vətəndaşlar yoluxduqları zaman xəstəliyi daha yüngül keçirirlər”.
“Buster” doza üçün “Pfizer” peyvəndini seçən vətəndaş Günay İsmayılova da öz fikirlərini bölüşüb. O deyib ki, vaksinasiyadan sonra özünü yaxşı hiss edir: “Buster” doza vurdurmağa gəlmişəm. Peyvənd vurulandan sonra heç bir yan təsir hiss etmirəm”.
Vətəndaş Solmaz İsgəndərova da “buster” doza ilə peyvəndlənmək üçün 19 saylı şəhər poliklinikasına üz tutub. Onun dediyinə görə, peyvəndin ikinci dozasını üzərindən 5 ay keçdiyinə görə, sağlamlığını qorumaq üçün “buster” doza ilə peyvəndlənmək qərarına gəlib: “Fikrimcə, özümüzün və ətrafımızın sağlamlığı üçün üçüncü doza vaksinləri vaxtında vurdurmalıyıq. Bu, xüsusilə yaşlıların və yanaşı xəstəliyi olanların təhlükəsizliyi üçün vacibdir”.
Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan “buster” doza vaksinlərin ümumi sayı 2 milyon 158 min 266-dır. “Buster” doza ilə peyvənd olunanların gündəlik sayı 30 mindən çoxdur.