İQTİSADİYYAT
“Buta Airways” Bakıdan Xarkova birbaşa aviareyslərə başlayıb YENİLƏNİB
Xarkov, 3 may, AZƏRTAC
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti mayın 3-dən Bakıdan Ukraynanın daha bir şəhərinə - Xarkova birbaşa aviareyslərə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Xarkov aeroportunda aviareysin rəsmi açılış mərasimi baş tutub. Mərasimdə Xarkov Regional Administrasiyasının iqtisadiyyat və beynəlxalq əlaqələr departamentinin direktoru Andrey Kolos Xarkov aeroportundakı təhlükəsizlik şəraitinin bu şəhərdəki mövcud vəziyyəti əks etdirdiyini deyib. Bildirib ki, buradakı sülh və stabil inkişaf bir çox ölkələrə nümunə ola bilər. O, Bakı-Xarkov aviareysinin açılmasına görə “Buta Airways” aviaşirkətinin nümayəndələrinə təşəkkürünü bildirib.
Xarkov şəhər şurasının infrastruktur departamentinin direktoru Sergey Dulfan qeyd edib ki, bu istiqamətdə aviareysin açılması ölkələrimiz və şəhərlərimizi birləşdirən növbəti təqdirəlayiq addımdır. Bakı-Xarkov aviareysi diplomatik, iqtisadi, turizm və mədəni əlaqələrin inkişafına təkan verəcək.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə deyib ki, bu aviareysin açılmasına dəstək olan hər kəsə təşəkkür edirik. “Buta Airways” aviaşirkəti müasir aviastruktura malik olduğunu artıq təsdiqləyib. Müasir təyyarələrin həyata keçirdiyi uçuşlar sərfəli qiymətlərə başa gəlir. Hazırda Xarkovda 60-70 min azərbaycanlı ailələr yaşayır.
Azərbaycan Hava Yollarının Ukraynadakı nümayəndəsi Yaşar Əmirov bildirib ki, yeni açılan aviareys iki ölkənin turizm və iqtisadi əlaqələrini daha da yaxşılaşdıracaq. Azərbaycandan Xarkova kifayət qədər çox turist axını var. Bu turist axınını qarşı tərəfdən də gözləyirik. Mayın 16-da Odessaya açılacaq aviareyslə isə Ukrayna ilə Azərbaycan arasında hava sahəsində güclü əlaqələr formalaşacaq.
Y.Əmirov qeyd edib ki, Bakı-Xarkov-Bakı aviareysindən yalnız Xarkovda yaşayanlar deyil, yaxınlıqda yerləşən digər şəhərlərdən insanlar da istifadə edəcək.
Daha sonra Ukraynada fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Xalq artisti Qurban Abbasov, Xarkov beynəlxalq aeroportunun kommersiya üzrə direktoru Vladislav İlyin yeni aviareysin açılması ilə bağlı fikirlərini bölüşüb, hər iki ölkənin dostluq əlaqələrindən bəhs ediblər.
Qeyd edək ki, aviareyslər çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Bu istiqamətə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.
Aşağıbüdcəli aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
Ukraynaya yeni istiqamətlərin açılması iki ölkə arasında turist axınını daha da artıracaq. "Buta Airways" artıq Bakı və Kiyev arasında müntəzəm uçuşlar həyata keçirir.
Elvin Camalov
AZƏRTAC-ın müxbiri
Bakı-Xarkov-Bakı