İQTİSADİYYAT


“Buta Airways” mayda Xarkova uçuşlara başlayacaq

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı “Buta Airways” may ayında Ukraynanın daha bir şəhərinə uçuşların yerinə yetirilməsini bərpa edir.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, aviadaşıyıcı Xarkov şəhərinə xüsusi uçuşlar həyata keçirəcək.

Uçuşlar mayın 20-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Xarkov istiqamətinə bərpa olunacaq və həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Həmçinin mayın 1-dən aviadaşıyıcı Bakı-Kiyev-Bakı marşrutu üzrə uçuşların sayını artıracaq. Həftədə iki reysə (bazar ertəsi və cümə axşamı) daha bir reys - şənbə günləri - əlavə olunur.

Həmin uçuşlara biletləri “butaairways.az” rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul ediləcək.

Ukraynaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunub: https://www.butaairways.az/az/covid/ukraine.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.butaairways.az/az/covid/azerbaijan. Ukraynanın şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19 testindən keçmək zəruridir.

PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.