CƏMİYYƏT
Bütöv Çin Vəkillərinin Assosiasiyası ilə Azərbaycan Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 9-10-da Çinin Quancou şəhərində keçirilən vəkillərin beynəlxalq forumunda Bütöv Çin Vəkillərinin Assosiasiyası (ACLA) ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, sazişi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov və ACLA-nın sədri Vanq Cunfenq imzalayıblar.
Tədbirdə çıxış edən Anar Bağırov hər iki ölkənin vəkillər assosiasiyaları arasında əməkdaşlığın əhəmiyyəti, Çində və Azərbaycanda investorların hüquqlarının müdafiəsində vəkillərin rolu və qlobal forumun əhəmiyyətindən danışıb.
İmzalanma mərasimində 40-dan çox ölkənin vəkillər assosiasiyalarının və Beynəlxalq Vəkillər Assosiasiyasının (#IBA), Avropa Vəkillər Kollegiyaları Şurasının (#CCBE) rəhbərləri iştirak ediblər.
Daha sonra Anar Bağırov Çinin dövlət kanalı olan #CCTV-yə müsahibə verib və mətbuat konfransına qatılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti 60-dan çox ölkədən 850-dək hüquqşünas və vəkilin iştirakı ilə Vəkillərin Qlobal Forumunda da iştirak ediblər.
Hüquq peşəsi və innovativ texnologiyaların tətbiqi mövzusuna həsr olunmuş foruma müxtəlif ölkələrin vəkillər kollegiyalarının, Beynəlxalq Vəkillər Kollegiyaları assosiasiyalarının, Ədliyyə nazirliklərinin rəhbərləri də qatılıblar.
Tədbirlərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatının rəhbəri Fərhad Nəcəfov, Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibov da iştirak ediblər.