İQTİSADİYYAT
Butstrappinqin üstünlükləri və çatışmayan tərəfləri
Bakı, 29 iyul, AZƏRTAC
Butstrappinq təsisçinin startap və ya biznesi öz vəsaiti hesabına yaratma və inkişaf etdirmə üsuludur. Yəni butstrapperin maliyyə mənbəyi ya özünün, ya da yaxın dostları və qohumlarının pulu olur.
AZƏRTAC İnnovasiyalar Agentliyinin butstrappinqin üstünlükləri və çatışmayan tərəfləri ilə bağlı tövsiyələrini təqdim edir.
Butstrappinq zamanı biznes-startap xərclərini demək olar ki, elə ilk gündən heç bir investorun yardımı olmadan özü ödəməyə başlayır.
Butstrappinqin startapa verdiyi əsas üstünlüklər hansılardır?
- sahibkarlıq fəaliyyətinə mümkün qədər tez başlaya bilmək
- lazım gəldikdə böyük zərər görmədən biznesi bağlaya bilmək
- müstəqil ola bilmək imkanı
Butstrappinqin digər üstünlükləri:
- şirkətə nəzarəti və idarəçiliyi təsisçinin tam olaraq öz əlində saxlamağa imkan verir. Çünki vençur, mələk investorlar və digər xarici maliyyə mənbələri verdikləri pul əvəzində startapdan pay və startapın idarə olunmasında iştirak etmək istəyirlər. Butstrappinq yolu ilə qurulan startapın isə gələcəkdə maliyyə tapması nisbətən daha asan olur. Adətən öz hesabına qurulan və uğur hekayələri ilə müşayiət olunan startaplar investorların daha çox diqqətini cəlb edir.
- startapları yaradanlara istedadlarını inkişaf etdirməyə və əvvəl-əvvəl qeyri-mümkün görünən işlərin öhdəsindən gəlməyə kömək edir. Butstrappinq sahibkarları daha güclü, biznesdə amansız və daha mükəmməl olmağa məcbur edərək, onlara öz gücünə inanan, xarici investisiyalara bel bağlamayan azad sahibkar olmaq imkanı verir.
Butstrappinqin çatışmayan tərəfləri:
- təsisçilərin kifayət qədər kapital əldə etməsinə mane ola bilən amillər biznes-startap üçün bir çox çətinlik yaradır. Bəzi hallarda butstrappinq yolu ilə (öz hesabına) miqyaslanmanı və böyüməni təmin etmək mümkün olmur. Vençur, mələk investorlar və digər xarici maliyyə mənbələri irihəcmli investisiya verməklə biznesə əsas hədəflərinə daha sürətli çatmaqda yardımçı ola bilər.
- maliyyə itkiləri baxımından əhəmiyyətli dərəcədə çox təhlükəlidir (ola bilsin ki, hüquqi baxımdan da). Butstrapper öz şəxsi pulunu sərmayə edir (və ya yaxın dostlarının, qohumlarının pulunu). Yad insanların və ya şirkətlərin yatırdıqları pul yeni başlayan startapı o qədər də narahat etməyə bilər. Müqayisədə startap təsisçisi özünün və ya yaxınlarının puluna görə daha böyük məsuliyyət hiss edir. Bu səbəbdən də Butstrappinq daim stress və təzyiqə səbəb ola bilər.