ELM VƏ TƏHSİL


Bütün tədris semestrlərində göstəricisi yuxarı olan tələbələrə kredit ödənişində güzəşt ediləcək

Bakı, 27 iyul, AZƏRTAC

Sosial təhsil krediti alan tələbənin təhsilin normativ müddətində bütün tədris semestrlərində ümumi orta müvəffəqiyyət göstəricisi 91 bal və yuxarı olarsa (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı) tələbə təhsilin normativ müddətində aldığı təhsil tələbə kreditinin 50 faizi hissəsinin ödənişindən azad olunacaq. Standart təhsil tələbə krediti alanlara isə kreditin 25 faizi hissəsinin ödənişində güzəşt ediləcək.

AZƏRTAC xəbər verir ki, bu, “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda öz əksini tapıb.

Qaydaya əsasən, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin verilməsi proseduru, təhsil tələbə krediti üzrə hüquqların əldə olunması və kreditin qaytarılması, habelə təhsil tələbə krediti ilə bağlı digər məsələlər tənzimlənir.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.