İQTİSADİYYAT
Buxarest Xəzər-Qara dəniz dəhlizi layihəsinin Aİ-nin müvafiq strukturlarında baxılması üçün səylər göstərmək niyyətindədir
Bakı, 27 iyul, AZƏRTAC
Buxarest 2019-cu ilin birinci yarısında Avropa İttifaqında (Aİ) sədrliyi çərçivəsində Xəzər-Qara dəniz dəhlizi layihəsinin Aİ-nin müvafiq strukturlarında baxılması üçün səylər göstərmək niyyətindədir.
AZƏRTAC “NEBIT-QAZ”a istinadla xəbər verir ki, bunu Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Mariya Maqdalena Qriqore nəqliyyat məsələləri üzrə Türkmənistan-Rumıniya işçi qrupunun iclasında bildirib. O qeyd edib ki, Rumıniya özünün Qara dəniz limanı Konstansanı Xəzər və Qara dənizləri birləşdirən nəqliyyat-tranzit dəhlizinin əsas halqalarından birinə çevirmək üçün bütün imkanlardan istifadə etməlidir.
Bu ideyanı həyata keçirmək üçün Buxarest 2019-cu ilin birinci yarısında Avropa İttifaqında sədrliyi çərçivəsində Xəzər-Qara dəniz dəhlizi layihəsinin Aİ-nin müvafiq strukturlarında müzakirəsi üçün səylər göstərmək niyyətindədir. Tərəflər görüşün yekunlarına dair dəniz, avtomobil, hava və dəmir yolu nəqliyyatı sahələrində əməkdaşlıq üzrə Protokol imzalayıblar.
Sənəddə gələcəkdə Xəzər-Qara dəniz nəqliyyat-tranzit dəhlizinin yaradılması haqqında siyasi bəyannamənin imzalanması istiqamətində siyasi-diplomatik səylərin gücləndirilməsi ilə bağlı qətiyyətlilik də öz əksinin tapıb. Bununla əlaqədar yaxın vaxtlarda Azərbaycan və Gürcüstanın da iştirakı ilə dördtərəfli danışıqların keçirilməsi planlaşdırılır.