CƏNUBİ KOREYADA KXDR JURNALİSTLƏRİNİN İŞTİRAKI İLƏ SAVAŞ BAŞ VERMİŞDİR
Xarici informasiya agentlikləri xəbər verir ki, bazar günü Cənubi Koreyanın Tequ şəhərində Koreya Xalq Demokratik Respublikası jurnalistlərinin iştirakı ilə əlbəyaxa savaş olmuşdur. Onlar öz ölkəsinin bir qrup idmançısı ilə birlikdə bu şəhərə Dünya tələbə oyunlarına – Universiadaya gəlmişlər.
Bu savaş nəticəsində almaniyalı hüquq müdafiəçilərindən biri xəsarət almış və xəstəxanaya düşmüşdür.
Münaqişə oyunların mətbuat mərkəzinin qarşısındakı meydanda baş vermişdir. Burada, əsasən, hüquq müdafiə yönümlü bir sıra ictimai təşkilatlar Şimali Koreya rəhbəri Kim Çen İri devirməyə çağıran plakatlar düzmüşdülər. KXDR jurnalistləri plakatların yığışdırılmasını tələb etmiş, lakin rədd cavabı aldıqda güc tətbiq etməyə cəhd göstərmişlər.
Cənubi Koreya polisi dərhal işə qarışaraq, qalmaqalın qarşısını almışdır.