İQTİSADİYYAT
CƏNUBİ QAFQAZ DÖVLƏTLƏRİNDƏ NƏQLİYYAT SİYASƏTİNƏ DAİR BEYNƏLXALQ SEMİNAR
Aprelin 18-19-da Tbilisinin “Metexi-Şeraton” mehmanxanasında Cənubi Qafqaz dövlətlərində nəqliyyat siyasətinə dair beynəlxalq seminar keçirilmişdir. Avropa Nəqliyyat Nazirləri Konfransı və Dünya Bankı tərəfindən təşkil olunmuş seminarda Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətləri ilə yanaşı, nəqliyyatla bağlı bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də iştirak edirdilər.
Seminarı Gürcüstanın nəqliyyat və kommunikasiyalar naziri Merab Adeişvili açaraq, Prezident Eduard Şevardnadzenin salamını və uğurlu iş arzularını iştirakçılara yetirdi və bildirdi ki, tədbirdən başlıca məqsəd nəqliyyat siyasətinin öncül istiqamətləri barədə fikir mübadiləsi aparmaqdan, nəqliyyat sektorunun işini daha da təkmilləşdirməklə bağlı təklifləri təhlil etməkdən, əməkdaşlığın genişləndirilməsi yollarını və imkanlarını axtarmaqdan ibarətdir.
Avropa Nəqliyyat Nazirləri Konfransının baş katibi Cək Şort çıxışında üç Cənubi Qafqaz dövlətində milli nəqliyyat siyasətinin əsas meyllərindən, qarşıya çıxan problemlərin milli iqtisadi və sosial siyasətlə əlaqələrindən , dünyanın aparıcı ölkələrinin nəqliyyat sahəsində nailiyyətlərindən və təcrübəsindən danışdı.
Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Ziya Məmmədov ölkəmizin Gürcüstanla nəqliyyat əlaqələrindən, iki dost dövlətin ərazisindən keçən dəmir yolunun müasir tələblər səviyyəsində işlədiyindən, tranzit yüklərin dəniz limanlarımızdan vaxtında yola salınmasından söhbət açaraq dedi ki, bütün bunlar prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin nəqliyyat kimi mühüm sahəyə daim diqqət yetirməsi sayəsində mümkün olmuşdur. O, Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinə də toxunaraq, xüsusi vurğuladı ki, təcavüzkar ölkə olan Ermənistan işğal etdityi Azərbaycan ərazilərindən öz sılahlı qüvvələrini çəkməyincə, onunla nəqliyyat sahəsində də əməkdaşlıqdan söhbət belə gedə bilməz.
“Azəravtonəqliyyat” Dövlət Konserninin idarə rəisi Akif İsayev ölkəmizdə hava, quru və dəmir yolu nəqliyyatının işini təkmilləşdirmək üçün həyata keçirilən tədbirlərdən danışdı, ölkə prezidentinin Nəqliyyat Nazirliyi yaradılması haqqında fərman imzaladığını bildirdi. O, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda tarixi İpək yolunun bərpasına dair beynəlxalq konfrans keçirildiyini, hazırda paytaxtımızda TRASEKA-nın Katibliyinin fəaliyyət göstərdiyini xatırlatdı.
Seminar iştirakçıları nəqliyyatda öncül istiqamətlərin müəyyənləşdirilməsi, nəqliyyat sektorunda əməkdaşlığın müasir tələblər səviyyəsində təşkil edilməsi üçün imkanların araşdırılması, dünyanın aparıcı ölkələri, Avropa Nəqliyyat Nazirləri Konfransı və digər beynəlxalq təşkilatlar ilə təcrübə mübadiləsi aparılması barədə razılığa gəldilər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi