İQTİSADİYYAT
“CƏNUB” EKSPRESS QATARI İNDİ HƏR GÜN SƏFƏRƏ ÇIXIR
İlk səfərə 3 ay bundan əvvəl çıxan “Cənub” ekspress qatarına sərnişinlərin artan tələbatı nəzərə alınaraq, onun hərəkət cədvəli dəyişdirilmişdir. Əvvəllər iki gündə bir dəfə yola çıxan qatar hazırda hər gün cənub bölgəsinə səfər edir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Cənub”a 8 vaqon qoşulmuşdur. Onlardan ikisi yük, biri restoran, beşi isə sərnişin daşımaq üçün nəzərdə tutulmuşdur. Sərnişin daşıyan vaqonlardan biri komfort, 4-ü isə adi vaqonlardır. Sərnişinlərin vaqonlardakı qoyulan telefonlarla istədikləri ünvana zəng etmək imkanı vardır. Vaqonlarda televizorlar və 7 kanallı musiqi mərkəzləri qoyulmuşdur. Burada qiymətlər də ucuz və sərfəlidir. Komfort vaqonda getmək istəyənlər biletə 20 min manat, adi vaqonların sərnişinləri isə 15 min manat ödəməlidirlər.