İDMAN
CARİ İLDƏ İDMANÇILARIMIZ 287 MEDAL QAZANMIŞLAR
Azərbaycanın bütün sahələrində olduğu kimi, idman sahəsində də sevindirici anlar çox olmuşdur. İlk növbədə idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışları bizi çox sevindirmişdir. 287 medalın qazanılması çox böyük nəticədir. Nəzərə alaq ki, bu gözəl ənənə uzun illərdir yaşayır, Azərbaycanın idman potensialı möhkəmlənir, yeni gənc nəsil yetişir, yeniyetmələr artıq öz imkanlarını gücləndirirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev 2006-cı ilin yekunları ilə əlaqədar idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatların təqdim olunması mərasimində demişdir. Prezident bildirmişdir ki, 10 il bundan əvvəl uşaq idmanında məşğul olanlar bu gün artıq Azərbaycanın milli komandalarını beynəlxalq yarışlarda təmsil edirlər. Bu, çox önəmlidir. Çünki gənc nəslin idmanla məşğul olması hər bir ölkənin idman potensialının möhkəmlənməsi deməkdir.