SİYASƏT
CAR ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikası parlamentinin ibtidai təhsil komitəsinin sədri Nomalungela Gina ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, deputat İsa Həbibbəyli ölkəmizdə təhsil sahəsində əldə olunan uğurlardan, aparılan islahatlardan danışıb. Rəhbərlik etdiyi komitənin işindən, Milli Məclisdə təhsil sahəsini əhatə edən hüquqi aktların qəbulundan, yeni “Təhsil haqqında”, “Elm haqqında” qanunların hazırlanmasından danışan komitə sədri bildirib ki, Azərbaycanın təhsil sistemi güclü potensiala malikdir. Ölkə əhalisi 100 faiz orta təhsillidir. Azərbaycanda 50-dən artıq ali məktəb fəaliyyət göstərir.
Güclü elmi potensiala malik Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətindən söz açan deputat hazırda ölkədə 10 mindən artıq elmlər doktorunun, elmlər namizədinin, professorun və dosentin elmi-pedaqoji işlə məşğul olduğunu bildirib.
Görüşdə iştirak edən Mili Məclisin deputatı, Cənubi Afrika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rasim Musabəyov parlamentarilər arasında qarşılıqlı münasibətlərin genişləndirilməsinin zəruriliyindən danışıb.
Cənubi Afrika Respublikası Parlamentinin ibtidai təhsil komitəsinin sədri Nomalungela Gina səmimi görüşə və ətraflı məlumata görə təşəkkürünü bildirib. Qonaq V Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycan Prezidenti çıxışında multikultural dəyərlərə, təhsil sahəsinin inkişafına böyük əhəmiyyət verildiyini diqqət çatdırıb.
CAR əhalisinin 20 faizinin tam savadsız olduğunu təəssüflə vurğulayan Nomalungela Gina Azərbaycan məktəblərində keyfiyyətli təhsil sistemi ilə yaxından tanış olmaq istədiklərini, bu sahədə əməkdaşlığın dərinləşməsi üçün böyük potensialın olduğunu söyləyib.
Görüşdə Milli Məclisin deputatı Sona Əliyeva və digər rəsmi şəxslər iştirak ediblər.