SİYASƏT
CEYHAN ŞƏHƏRİNDƏKİ GENİŞ BİR BULVARA AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ADI VERİLMİŞDİR
Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev AZƏRTAC-a bildirmişdir ki, Ceyhan şəhər bələdiyyəsinin başçısı Hüseyn Sözlünün imzası ilə səfirliyə məktub daxil olmuşdur. Məktubda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dost və qardaş dövlətlərimiz arasında siyasi, mədəni, sosial-iqtisadi əlaqələrin inkişafı və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsi sahəsində xidmətlərini nəzərə alaraq, Bələdiyyə Məclisi 2003-cü il 4 fevral tarixli qərarı ilə Ceyhandakı geniş bir bulvara dövlətimizin başçısının adını vermişdır.
Bələdiyyə Məclisinin 30 iyul tarixli digər qərarında isə, Azərbaycan Prezidentinin türk dünyası qarşısındakı tarixi xidmətlərinin qeyd olunması məqsədi ilə Heydər Əliyev bulvarının girəcəyində dövlətimizin başçısının büstünün qoyulmasının zəruriliyi bildirilmişdir. Büstün yüksək səviyyədə hazırlanması üçün Bələdiyyə Məclisi Azərbaycan hökumətindən müvafiq müsabiqə keçirilməsini xahiş etmişdir.